Sədaqət Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
28 May 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçında etdiyi çıxış, təkcə Azərbaycanın dövlətçilik tarixində deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq və regional həmrəyliyin təcəssümü baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Bu tarixi gün – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü – Azərbaycan xalqının azadlıq, müstəqillik və milli suverenlik uğrunda apardığı mübarizənin parlaq nümunəsidir. 1918-ci il 28 may tarixində elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti yalnız müsəlman Şərqində deyil, eyni zamanda bütün Türk-İslam aləmində ilk demokratik respublika kimi tarixə düşmüşdür. Məhz bu ruh bu gün də Azərbaycan dövlətçiliyinin təməlində dayanır.
Prezident İlham Əliyevin çıxışı Azərbaycan tarixinin böyük dönüş nöqtələrindən biri olan 2020-ci il Vətən Müharibəsinin nəticələrinin davamı olaraq strateji və rəmzi baxımdan xüsusi önəm daşıyır. Laçın şəhəri 30 ilə yaxın işğal altında qaldıqdan sonra yenidən Azərbaycanın nəzarətinə qaytarılmışdır. Dövlət başçısının bu qədim Azərbaycan torpağında müttəfiq və qardaş ölkələrin – Türkiyə və Pakistan – nümayəndələri ilə birlikdə çıxış etməsi bu hadisənin beynəlxalq əhəmiyyətini daha da artırır.
“30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır”, – deyə Prezident bildirib. Bu ifadə, təkcə keçmişin ağrılarını xatırlatmır, eyni zamanda gələcək üçün ümid və əminlik mesajı verir. Qardaş ölkələrin birliyi regionda sülhün, sabitliyin və inkişafın qarantına çevrilməkdədir.
Prezident İlham Əliyev öz çıxışında Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan xalqına vurduğu dərin zərbələrdən də bəhs etmişdir. Onilliklər boyu davam edən ədalətsizlik, Azərbaycan xalqının tarixi torpaqlarından didərgin salınması və şəhərlərin, kəndlərin viran qoyulması Ermənistanın beynəlxalq hüquqa və insan haqlarına qarşı nümayiş etdirdiyi təcavüzkar münasibətin bariz sübutudur. “Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb”, – deyə vurğulayan Prezident, bu mövqenin nəticəsi olaraq tarixi Qələbənin əldə edildiyini qeyd etmişdir.
Prezidentin nitqində xüsusi vurğu ilə qeyd etdiyi məsələlərdən biri də vətənpərvərlik ruhunda tərbiyə olunan gənc nəslin Qələbənin əldə edilməsindəki rolu oldu: “Biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.” Bu fikirlər, təkcə hərbi qələbənin deyil, həm də ideoloji, mənəvi və mədəni dirçəlişin simvoludur. Azərbaycan bu gün gənc nəslin milli dəyərlərlə silahlandığı, güclü və əzmli vətəndaş kimi formalaşdığı bir ölkədir.
“Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq.” Prezidentin bu sözləri, təkcə siyasi ifadə deyil, Azərbaycanın gələcəyinə olan inamın, xalqın iradəsinin və milli həmrəyliyin parlaq ifadəsidir. Vətən müharibəsində qazanılmış Zəfər artıq Azərbaycanın strateji mövqeyini daha da gücləndirmiş, beynəlxalq aləmdə nüfuzunu artırmışdır.
“Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” – Prezidentin bu çağırışı təkcə siyasi slogan deyil, faktlara əsaslanan əməkdaşlıq platformasıdır. Hər üç ölkə arasında əməkdaşlıq yalnız siyasi sahədə deyil, eyni zamanda hərbi, iqtisadi, mədəni və humanitar sahələrdə də sürətlə inkişaf edir. Müxtəlif səviyyələrdə keçirilən birgə təlimlər, ticarət razılaşmaları, strateji layihələr və beynəlxalq platformalarda qarşılıqlı dəstək bu birliyin praktiki nəticələridir.
Prezident İlham Əliyevin 28 may 2025-ci il tarixində Laçında etdiyi çıxış Azərbaycan xalqının keçmişinə hörmət, bu gününə qürur və gələcəyinə inamla yanaşmasının bariz nümunəsidir. Bu çıxış eyni zamanda Azərbaycan, Türkiyə və Pakistan arasında möhkəmlənən dostluq və strateji tərəfdaşlığın rəmzi olaraq tarixə düşmüşdür.
Azərbaycan bu gün həm regionda, həm də dünyada söz sahibi olan, güclü və müstəqil bir dövlətdir. Bu gücün arxasında xalqın birliyi, liderin qətiyyəti və qardaş ölkələrlə sıx əməkdaşlıq dayanır.