Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur
Nəzakət Həmzəyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşünə səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur. Bu etibarlı əməkdaşlığın obyektiv əsasları var. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir.
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə geniş çıxış edib. Dövlət başçısı çıxış zamanı qeyd edib ki, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bu gün Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.Qeyd edilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.Son dövrlər Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.Prezident vurğulayıb ki, hazırda Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir.
2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.Ö lkə rəhbəri xüsusi ilə diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Bundan əlavə respublikamız 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.
Prezident ilham Əliyev sonda qeyd edib ki, 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.Səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan dövlətləri arasında mühüm sənədlər imzalanıb:“Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”.“2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”.“Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”.“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”.“Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”.
Prezident İlham Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XXI əsr ictimai siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır.