AZƏRBAYCAN QAZI AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ ÖZ TÖHFƏSİNİ VERİR
Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim
44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü, beynəlxalq hüquq normaları bərpa edən Azərbaycan Respublikasının beynəlxalq nüfuzu artmaqda davam edir. Uğurlu müstəqil xarici siyasət, ölkədaxili sabit şərait Azərbaycanı beynəlxalq iqtisadi əlaqələrdə etibarlı tərəfdaş kimi tanıdır. Beynəlxalq münasibətlərdə yaranmış yeni şərait, neft- qaz amili də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə ciddi təsir etdi.
Avropa İttifaqının Rusiya ilə münasibətlərində yaranan qarşıdurmada Qərbin əsas planlarından biri Avropa ölkələrinin Rusiyadan enerji asılılğını aradan qaldırmaqdır. Bu siyasi xəttin icra olunmasında Azərbaycan Avropa üçün olduqca böyük önəm daşıyır.
Cari ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyində Azərbaycanın payını artırır. Eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji layihələrində Azərbaycanın iştirakı Azərbaycanın Avropanın enerji təminatındakı rolunu göstərir. 2022-ci il oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində söylənilən fikirlər dediklərimizi təsdiq edir.
Açılış mərasimində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) icraçı direktoru Teodora Georgiyeva demişdi: “Mən Azərbaycandan olan tərəfdaşlarımızın və dostlarımızın dəstəyinin əhəmiyyətini vurğulamaq istərdim. Bu gün onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə burada yenidən yüksək səviyyədə təmsil olunublar. Azərbaycan qazının Bolqarıstana təchizatı layihənin əsasını ... təşkil edir.”
Serbiya Prezidenti Aleksandar Vuçiç çıxışında söyləmişdi: ”Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız.... Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb.”
Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski də layihənin təkcə ev sahibləri üçün deyil, bütövlükdə Cənub-Şərqi Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, Azərbaycan Prezidentini “Avropada ən çox arzuolunan şəxs” adlandırmışdı.
Bolqarıstan Prezidenti Rumen Radev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun artıq Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulamış, Azərbaycanı prezident İ.Əliyevin simasında etibarlı tərəfdaş adlandırmışdı.
Prezident İlham Əliyevin noyabrın 15-də Albaniyaya səfərində də Avropanın enerji təminatı məsələsində Azərbaycanın artan rolunu müşahidə edirik.İki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illik tarixi var və Azərbaycanla Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olmuşdur. Azərbaycanla Albaniya arasında çoxtərəfli iqtisadi əlaqələr mövcud olsa da enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir.
Azərbaycan ilə Albaniya Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniya şirkətləri TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası bu ölkədə məşğulluğun artmasına böyük töhfə verib, layihə həmçinin Albaniya üçün büdcə gəlirlərinin artımını təmin edib.
Noyabrın 15-də prezidentlərin mətbuata birgə bəyanatları zamanı Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Prezidentinin Albaniyaya səfərini əlaqələrin tarixində ilk mühüm dövlət səfəri olduğunu deyərək vurğulamışdı ki, belə yüksəksəviyyəli görüşlər münasibətlərin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Bu səfər həm də qarşılıqlı maraq doğuran əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
İlham Əliyev Azərbaycanın həmçinin Albaniyada qaz təsərrüfatının inkişafına da töhfə verə biləcəyini qeyd edərək bildirmişdir ki, bu ölkədə indiyədək qaz şəbəkəsi yaradılmayıb, Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və buna hazırdır.
Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindədir. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcək.
Prezident İlham Əliyevin Albaniyaya səfəri Azərbaycanın Albaniya ilə əməkdaşlığında yeni səhifənin açıldığını bir daha təsdiqlədi. Eyni zamanda bir daha bəlli oldu ki, hazırda Avropanın enerji təhlükəsizliyində Azərbaycan artan rolu artır və bu, Azərbaycanın beynəlxaq nüfuzunu gücləndirir.