Azərbaycan-Tacikistan münasibətləri uğurla inkişaf etdirilir
Fərid Bəşirov
YAP Suraxanı rayon təşkilatının üzvü
“Neftçi İdman-Sağlamlıq Klubu”nun əməkdaşı
Son vaxtlar dünyada cərəyan edən hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İndiyədək iki ölkə arasında ümumilikdə 70-dən çox sənəd imzalanıb.
Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır. Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir. Qeyd etmək lazımdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri çərçivəsində əməkdaşlığın vacib sahələrini əhatə edən bir çox sənədlər imzalandı. İki ölkə arasında imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir.
Tacikistan Prezidenti Emoməli Rəhmonun Bakıya səfəri zamanı ölkələr arasında imzalanan sənədlər münasibətlərin çoxsaylı istiqamətləri üzrə dərinləşməni nəzərdə tutur. Belə ki, Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”lər imzalanıb.
Prezident İlham Əliyev Tacikistanlı həmkarı ilə keçirilən görüşü və müzakirələri yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib: “Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik."İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”.
Tacikistan Prezidenti iki ölkə arasında münasibətlərin inkişafında Prezident İlham Əliyevin böyük rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, bugünkü görüşlərimiz Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xas konstruktiv və etimad mühitində keçib: “Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin bütün kompleksini ətraflı müzakirə etdik. Bu münasibətlərin uzunmüddətli inkişafının təməlini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra vacib razılaşmalar əldə etdik. Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi.
Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verildi.
Danışıqlar zamanı biz aqrar sahəyə də xüsusi diqqət yetirdik. Biz turizm sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin imzalanmasını alqışladıq. Bununla bağlı müvafiq qurumlara paytaxtlarımız arasında birbaşa aviareyslərin bərpası üçün tədbirlərin görülməsi tapşırıldı. Nəqliyyat və kommunikasiya sahələrinə xüsusi diqqət yetirildi. Tacikistanın dövlət və kommersiya strukturlarının Azərbaycan ərazisindən yük daşımalarının həcminin artması tendensiyasını məmnunluqla qeyd etdik. Tacikistanın yük daşıyıcılarına məqbul tranzit tarifləri təqdim etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirdik”.
Prezidentlərin verdikləri açıqlamalardan da aydın olur ki, Tacikistan Prezidentinin Bakıya səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin bütün sahələr üzrə daha sürətlə inkişaf etməsinə təkan verəcək.