Səriyyə Cəfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 172 nömrəli tam orta məktəbin psixoloqu
Azərbaycan-Serbiya münasibətləri bugün yüksələn xəttlə inkişaf edir. Hər iki ölkə müstəqil xarici siyasət yürüdür və bir-bir ilə daima qarışılıqlı yaxın təmasdadırlar. Belə ki, Azərbaycan və Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq əlaqələri mövcuddur. 1997-ci ildə iki ölkə arasında ikitərəfli diplomatik əlaqələr qurulmuş, 2010-cu ildə Azərbaycanın Serbiyada, 2011-ci ildə isə Serbiyanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlamışdır.
2010-cu ildə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “ticarət-iqtisadi əməkdaşlıq haqqında” saziş imzalanmışdır. Elə həmin il “Serbiya-Azərbaycan Ticarət Palatası” yaradılmışdır. 2011-ci ildə iki ölkə arasında “Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” fəaliyyətə başlamışdır. Komisiya iki ölkə arasındakı ticarətin daha da artırılması üçün bir sıra tədbirlər planı işləyib hazırlamış və biznes forumlar təşkil etmişdir. İki ölkə arasında turizmin inkişafına təkan vermək üçün 2021-ci ildə viza rejimi qarışılıqlı olaraq ləğv edilmişdir. Bundan əlavə, Azərbaycanı tanıtmaq və mədəniyyətini təbliğ etmək üçün 2010-cu ildə Serbiyada Azərbaycan Mədəniyyət Evinin yaradılmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycan mədəniyyət günlərinin Sebiyada qeyd olunması, Ümumilli Lider Heydər Əliyevin abidəsinin və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun büstünün Serbiyada qoyulması bunun bariz nümunəsidir.
2013-ci ildə Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı “Dostluq və Strateji Tərəfdaşlıq” haqqında bəyannamə, 2018-ci ildə isə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında “Strateji Tərəfdaşlığa dair Birgə Fəaliyyət Planı” imzalanmışdır. Beləliklə iki ölkə arasındakı münasibətlər strateji səviyyəyə yüksəlmişdir. Serbiya ilə Azərbaycan arasında imzalanmış bu sazişlər iki ölkə arasında daha yüksək səviyyədə iqtisadi, mədəni, hərbi və siyasi əməkdaşlığın hüquqi əsasını qoymuşdur.
Azərbaycan və Serbiya beynəlxalq hüququn norma və prinsipləri əsasında bir-birinin ərazi bütovlüyünü və suverenliyini tam dəstəkləmiş və hörmət etmiş, bugündə bu siyasət uğurla davam edir. Cənab Prezident İlham Əliyevin də dediyi kimi “bu mövqe birmənalı, dəyişməzdir və belə qalacaq”. Serbiya və Azərbaycan arasında ikitərəfli dostluq münasibətləri və əməkdaşlıq beynəlxalq təşkilatlar səviyyəsində də davam etmişdir. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin bir-birinin mövqelərini bütün sahələrdə qarşılıqlı şəkildə dəstəkləməsi buna əyani misal ola bilər.
Azərbaycan və Serbiya arasında ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına səbəb olacağı gözlənilir. Bundan əlavə, beynəlxalq nəqliyyat dəhlizlərinin hər iki ölkənin torpaqlarından keçməsi nəqliyyat və logistika sahəsində də böyük inkişaf imkanlarının olduğunu göstərir. Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan və Serbiya arasında münasibətlərin əsasını təşkil edir. Bugün Azərbaycan Avropaya qaz ixrac edir və onun enerji təhlükəsizliyinə böyük töhfə verir. Azərbaycan Avropa üçün əsas etibarlı tərəfdaş hesab olunur. Yaxın gələcəkdə Azərbaycan-Serbiya əməkdaşlığına xüsusi töhfə verəcək Azərbaycan qazının və elektrik enerjisinin Serbiyaya ixrac edilməsi planlaşdırılır. Bununla belə Azərbaycanın Serbiyanın enerji təhükəsizliyində mühüm rol oynayacağı gözlənilir.
İki ölkə arasında müdafiə sənayəsi sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Növbəti illərdə bu imkanların dəyərləndirilməsi və həyata keçirilməsi üçün qarışılıqlı real addımlar atılacaqdır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük perspektivlər mövcuddur.