Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar mühüm yer tutur.

Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar mühüm yer tutur.
Nisə Yusifli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
Tarixən bir dövlətin başqa dövlətlə yaxşı münasibəti onun apardığı uğurlu xarici siyasətdən asılı olub. Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Müasir dövrdə də iki dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir.
Cari ilin 22 aprel tarixində Prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşü keçirilib. Bu görüş böyük əhəmiyyətə malikdir. Görüşün keçirilmə səbəbi Rusiya prezidenti Vladimir Putinin BAM-ın( Baykal-Amur Magistralının ) 50 illiyinə həsr olunmuş tədbirə Prezident İlham Əliyevi dəvət etməsi olub. Görüş zamanı Prezident İlham Əliyev Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı yüksək qiymətləndirildiyini vurğulayıb. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar; Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.
Görüş zamanı nəqliyyat məsələlərinə də toxunulub. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malik olduğu vurğulanıb. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir.
Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Görüş zamanı yükgöndərənlərin tələbatları ilə əlaqədar bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyi qeyd edilib. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb.
Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.
Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.