Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi mühüm mərhələ olmuşdur

Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi mühüm mərhələ olmuşdur

Qərənfil Əhmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, "Şənlik" uşaq bağçası və körpələr evinin müdiri

8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada qadınların hüquqlarının müdafiəsi, onların cəmiyyətin inkişafındakı rolunun qiymətləndirilməsi günü kimi qeyd olunur. Azərbaycanda da bu əlamətdar gün rəsmi bayramdır və qadınlara göstərilən dövlət qayğısının, hörmət və ehtiramın bariz nümunəsidir.

Azərbaycan qadını tarix boyu ictimai-siyasi, mədəni və elmi həyatın fəal iştirakçısı olmuşdur. Xalqımızın mənəvi dəyərlərinin qorunmasında, ana dilimizin, mədəniyyətimizin və milli kimliyimizin yaşadılmasında qadınlarımızın rolu danılmazdır. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycandə qadınlara seçib-seçilmək hüququ verilmişdir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara verilən bu hüquq bir çox Avropa ölkələrindən daha əvvəl həyata keçirilmişdir ki, bu da ölkəmizdə gender bərabərliyi ənənələrinin dərin köklərə malik olduğunu göstərir.

Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi də qadın hərəkatının inkişafında mühüm mərhələ olmuşdur. Bu qurultay qadınların təşkilatlanmasına və ictimai fəallığının artmasına təkan vermişdir.

Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulmuşdur. Bu sənəd qadın hüquqlarının beynəlxalq səviyyədə qorunmasına dair əsas mexanizmlərdən biridir.

1998-ci il 14 yanvar tarixində qadınların rolunun artırılmasına dair mühüm sərəncam imzalanmışdır. 2000-ci il 6 mart tarixində isə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmışdır. Bu sənəd dövlət strukturlarında qadınların rəhbər vəzifələrdə təmsil olunmasının genişləndirilməsinə şərait yaratmışdır.

2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qəbul edilmişdir. Bu qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasına və qadınlarla kişilərə bərabər imkanların yaradılmasına xidmət edir. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunmuşdur ki, bu da qadın hüquqlarının müdafiəsində mühüm addım olmuşdur.

Bundan əlavə, qadın hüquqları Ailə, Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrində, eləcə də müxtəlif dövlət proqramlarında öz əksini tapmışdır.2006-cı ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu qurum ailə, qadın və uşaq siyasətini həyata keçirən əsas icra orqanıdır.

2000–2005-ci illər üçün “Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”, eləcə də “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” gender siyasətinin sistemli şəkildə həyata keçirilməsinə xidmət edir.

Dövlət qadın siyasəti bu gün İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək uğurla davam etdirilir. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva isə beynəlxalq humanitar layihələrdə fəal iştirakı ilə Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm simalarından biridir.Azərbaycan qadını tarixən cəmiyyətin dayağı olmuş, bu gün isə ölkənin tərəqqisində fəal iştirak edən güclü ictimai qüvvəyə çevrilmişdir. Dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü qadın siyasəti gender bərabərliyinin təmin olunmasına, qadınların hüquq və imkanlarının genişləndirilməsinə xidmət edir.

8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız bayram deyil, həm də qadınların cəmiyyətdəki rolunun dəyərləndirilməsi, onların hüquqlarının qorunması və gələcək nəsillər üçün daha bərabər bir cəmiyyət qurulması istiqamətində atılan addımların simvoludur.