Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu,118 nömrəli tam orta məktəbin direktoru
Geosiyasi ədəbiyyatda hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Sevindirici haldır ki, Azərbaycan Cənubi Qafqazın zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik yeganə ölkəsidir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin Prezident İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq forumlara dəvət edilməsi ölkəmizin və dövlətimizin başçısının beynəlxalq nüfuzundan xəbər verir.
Forumda müzakirə edilən məsələlər sırasında enerji məsələləri xüsusi yer tutur. Prezident İ.Əliyev çıxışında vurğulamışdır: “ Avropanın üzləşdiyi böhran vəziyyəti özünə alternativ mənbələr tapmağa sövq edir. Belə bir vəziyyətdə də sadiq tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır”. Yeri gəlmişkən, forumdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev deyib ki, artan enerji tələbatını ödəmək üçün bizim əlbəttə, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var. Dövlətimizin başçısı qeyd edib ki, biz bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlamışıq. Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”.
Bu forum İtaliya ilə Azərbaycan arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perspektivləri baxımından olduqca əhəmiyyətlidir. Məhz bu əməkdaşlığın nəticəsi kimi ölkələrimiz arasında baş tutan siyasi dialoqu, təhsil sahəsində qurulan əməkdaşlığı, İtaliyanın neftlə təmin edilməsində Azərbaycanın rolunu göstərmək olar.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı çətin dövrlərdə Avropa bazarlarına çıxmağa nail oldu. Prezident İlham Əliyev bununla bağlı müsahibəsində onu da xatırladıb ki, ilk Avropa bazarına çıxış məhz İtaliya olub. “Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik”, deyə xatırladan dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycan artıq uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır.
Prezident onu da bildirib ki, həmin vaxtlar açıq dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın ixrac kəmərlərinə ehtiyacı var idi: “Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq”. Artıq Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycanın Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür.
Azərbaycan Prezidentinin forumdakı çıxışında diqqəti çəkən digər məqam qaz təchizatı ilə bağlı idi. Prezident İlham Əliyev deyib ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Dövlətimizin başçısı son dövrdə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlərin daxil olduğunu qeyd edib.
Ölkə başçısının çıxışı təkcə enerji və qaz təchizatı ilə bağlı məqamlarla yadda qalmayıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu kontekstdə Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. O, beynəlxalq hüququn qorumasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Prezident İ.Əliyev çıxışında yürütdüyü uğurlu müstəqil siyasətdən də söz açıb. İstənilən sahədə Azərbaycanın özünü heç bir nəhəng qonşuların siyasətinə uyğunlaşdırmadığını, həmçinin onlarla rəqabətdə olmadığını, yalnız özünməxsus yolla uğurla irəlilədiyini vurğulamışdır: “Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb”.