“Azərbaycan neftçiləri fəxrimizdir” adlı dəyirmi masa keçirildi

“Azərbaycan neftçiləri fəxrimizdir” adlı dəyirmi masa keçirildi
20 sentyabr 2024-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan neftçiləri fəxrimizdir” adlı dəyirmi masa keçirildi.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rəfiqə Məmmədova, “Suraxanı Oil” şirkətinin əməkdaşları iştirak edirdilər.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova ölkəmizin həyatında mühüm strateji rolu olan “Əsrin müqaviləsi”nin 30 illiyi və peşə bayramı münasibəti ilə qəhrəman neftçilərimizin, neft sektorunun inkişafina misilsiz töhfələr verən hər bir əməkdaşının əməyinin yüksək qiymətləndirildiyini vurğulayaraq onları təbrik etdi. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını qeyd etdi.Bu tarixi salnamədə Suraxanı neftçilərinin xüsusi yeri olduğunu, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayon neftçilərini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.
“Suraxanı Oil” şirkətinin böyük geoloqu Təravət Quluyeva, HİD-nin mühəndisi Nazilə Quluzadə, publisist və Əməkdar neftçi Zaməddin Ziyadoğlu Ümummilli Lider Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olduqlarını, Ulu Öndəri güclü və xarizmatik lider kimi xatırladıqlarını , Dahı Liderin uzaqgörən rəhbərliyinin Azərbaycanın müasir tarixini və yeni neft strategiyasını formalaşdırdığını ifadə etdilər.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rəfiqə Məmmədova Azərbaycanın neft sənayesinin keçdiyi inkişaf yollarından, əldə olunan nailiyyətlərdən bəhs edərək nəzərə çatdırdılar ki, ölkənin sosial-iqtisadi inkişafında neft amili həlledici rol oynayır, neftdən əldə edilən gəlirlərlə Azərbaycanda yeni infrastrukturlar yaradılır və qlobal layihələr reallaşdırılır.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış oldular.