Azərbaycan milli maraqları naminə ardıcıl və məqsədyönlü siyasət yürüdür
Aytac Tağızadə
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Bakı Slavyan Universitetində III kurs tələbəsi
Son illər ərzində iki dost və strateji tərəfdar ölkə kimi bir-biri ilə sıx əlaqədə olan Bolqarıstan ilə Azərbaycan arasında ali səviyyələrdə aparılan fəal siyasi əlaqələr qarşılıqlı hörmət əsasında inkişaf yolu ilə davam etməkdədir. Azərbaycan öz iqtisadiyyatında mühüm rolu olan neft-qazını etibarlı tərəfdaş kimi dünya və Avropa bazarlarına ixrac edir. Enerji təhlükəsizliyinin qlobal gündəlikdə birinci yer tutması Bolqarıstan ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın indiki şəraitdə diqqət mərkəzində olmasına dəyəri daha da artırır.
İkitərəfli diplomatik münasibətlərin inkişaf dinamikasında yer alan və qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi məqsədilə Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstanın Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında Bolqarıstana səfər etmişdir. Ölkə rəhbərimizin səfər zamanı çıxışında qeyd etdiyi kimi, yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması önəmli məsələdir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” enerji böhranı yarandığı dövrdə Avropanın Azərbaycanla münasibətlərə diqqətlə yanaşmasının sübutudur.
Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə bu ölkələr arasında siyasi əlaqələrin yeni mərhələlərə qədəm qoymasına səbəb olan Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsi Bolqarıstanın Azərbaycan qazı ilə təmin edilməsi baxımından xüsusi diqqətə və tarixi əhəmiyyətə malikdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir və “Strateji tərəfdaşlıq haqqında Memorandum”a əsasən, Azərbaycan bir neçə ildə Avropaya qaz ixracatını ən az 2 dəfə artıracağını bildirmişdir.
Azərbaycanın öz ərazisində yaratdığı çox müasir qaz və nəqliyyat infrastrukturu ölkəmizə uğurlar gətirəcək planların həyata keçirilməsi üçün zəmin rolu oynayır və artıq SOCAR-ın Bolqarıstandakı ofisinin açılmasının vaxtı çatıb. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır və Dəmir yolları, Avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı - Azərbaycanın nəqliyyat infrastruktur obyektləri Azərbaycan üzərində tranzit yüklərin həcminin artması məqsədi güdür.
Azərbaycan milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində yeni əməkdaşlıq imkanlarının araşdırılması və genişləndirilməsi üçün Azərbaycan nəqliyyatçıları bir araya gələrək fikir mübadiləsi aparacaqlar. Azərbaycan və Bolqarıstan arasında birgə Bəyannamə əməkdaşlığın davamlı olduğunu və bu ölkələr arasında siyasi əlaqələrin daha da dərinləşəcəyini göstərir.