Könül Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri regionda sülhün və təhlükəsizliyin mühüm təminatçısı rolunu oynayır. 2025-ci ilin 28 may tarixində Laçında baş tutmuş Zirvə görüşü bu münasibətlərin daha da möhkəmləndirilməsinin parlaq nümunəsi olmuşdur. Üç qardaş ölkənin liderlərinin bir araya gəlməsi yalnız diplomatik əməkdaşlıq deyil, həm də ortaq tarix və gələcək vizyonunun nümayişidir. Azərbaycan ilə Türkiyə və Pakistan arasında əlaqələr tarixi köklərə əsaslanır. Türkiyə, Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk ölkələrdən biri olmuş, Pakistan isə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi tarixə düşmüşdür. Hər iki ölkə Qarabağ münaqişəsi dövründə Azərbaycanın haqlı mövqeyini daim dəstəkləmişdir. Bu üç ölkə arasında təkcə siyasi deyil, həm də dini, mədəni və mənəvi bağlar uzun müddətdir mövcuddur.
2025-ci ilin 28 mayında – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə – Laçında keçirilən Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının zirvəsi kimi qiymətləndirilə bilər. İşğaldan azad olunmuş ərazidə baş tutan bu tədbir, yalnız rəsmi görüş yox, həm də üç qardaş ölkənin birliyinin, həmrəyliyinin təntənəsi idi. Laçın şəhəri illərlə Ermənistan işğalı altında olmuş və bu bölgədəki tədbir regional ədalətin bərpasının simvolu kimi qiymətləndirilmişdir.
Zirvə görüşü, eyni zamanda, regional təhlükəsizlik baxımından da mühüm siqnal idi. Azərbaycan, Türkiyə və Pakistanın birgə əməkdaşlığı regionda sabitliyə, separatizmin qarşısının alınmasına və yeni geosiyasi reallığın formalaşmasına töhfə verir. 2023-cü ildə Azərbaycan tərəfindən keçirilən antiterror əməliyyatı ilə separatçılığın kökü kəsilmiş və ölkənin suverenliyi tam bərpa olunmuşdur.
Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, azad olunmuş ərazilərdə artıq genişmiqyaslı bərpa işləri aparılır – xəstəxanalar, məktəblər, yollar və hava limanları tikilir. Bu fəaliyyətlər təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan Azərbaycanın güclənməsini nümayiş etdirir.
Azərbaycan-Türkiyə-Pakistan münasibətləri bu gün regionda sülhün, sabitliyin və birliyin əsas sütunlarından birinə çevrilmişdir. Laçında keçirilən Zirvə görüşü bir daha sübut etdi ki, qardaşlıq və strateji əməkdaşlıq yalnız tarixi bağlara deyil, həm də ortaq gələcək vizyonuna söykənir. Bu birliyin fonunda Azərbaycan nəinki işğaldan azad olunmuş torpaqlarını bərpa edir, həm də beynəlxalq miqyasda öz siyasi çəkisini artırır. Azərbaycan xalqı bu birlikdən güc alaraq əmin addımlarla irəliləyir və yeni reallıqları formalaşdırır. Prezident İlham Əliyevin çıxışında ifadə etdiyi kimi: “Qələbə bizimlədir və bizimlə olacaq.”