Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər yeni keyfiyyət mərhələsinə yüksəlir

Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər yeni keyfiyyət mərhələsinə yüksəlir

Afaq Səfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında Bakıda keçirilən rəsmi görüş zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlıq da geniş müzakirə edildi. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi Avrasiya məkanında mühüm tranzit mərkəzinə çevrilib. Son illər ölkədə dəniz limanlarının, dəmir yollarının və logistika infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırıb. Yeni geosiyasi reallıqlar fonunda bu marşrutların əhəmiyyəti daha da yüksəlir və Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Bəyanatda xüsusi yer tutan mövzulardan biri də bərpaolunan enerji sahəsində əməkdaşlıq olub. Prezident İlham Əliyev Azərbaycanın günəş, külək və hidroenerji potensialının Avropa üçün böyük perspektivlər açdığını qeyd edib. Xarici və yerli şirkətlərlə imzalanmış müqavilələrə əsasən, yaxın beş-altı il ərzində ölkədə 8 giqavat həcmində günəş və külək enerjisi istehsal gücünün yaradılması planlaşdırılır. Bu isə Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addım hesab olunur. Gələcəkdə yeni elektrik ötürmə xətlərinin tikintisi də Avropa ilə enerji əməkdaşlığının daha da genişlənməsinə imkan verəcək.

Regional təhlükəsizlik və Ermənistanla münasibətlərin normallaşdırılması prosesi də görüşün əsas mövzularından biri olub. Prezident İlham Əliyev ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Azərbaycan–Ermənistan Birgə Bəyannaməsinə toxunaraq bildirib ki, tərəflər sülh sazişinin mətnini paraflayıblar və bölgədə artıq de-fakto sülh şəraiti formalaşıb. Onun sözlərinə görə, Azərbaycan bu prosesi praktik addımlarla dəstəkləyərək Ermənistana daşınan yüklərin tranzitinə qoyulmuş məhdudiyyətləri aradan qaldırıb, həmçinin benzin və dizel yanacağının tədarükünə başlayıb. Bu addımlar qarşılıqlı etimadın möhkəmləndirilməsi və bölgədə uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan üçün sülh artıq nəzəri anlayış deyil, gündəlik həyatda hiss olunan reallığa çevrilir. Otuz il davam edən münaqişənin başa çatmasından sonra ölkə regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olması üçün ardıcıl siyasət həyata keçirir. Bu istiqamətdə Avropa Komissiyasının siyasi dəstəyi də yüksək qiymətləndirilir və tərəflər gələcək əməkdaşlığın regionun inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını ifadə edirlər.

Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəldiyini göstərir. Enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri, iqtisadi əməkdaşlıq və regional sülh istiqamətlərində əldə olunan nəticələr tərəfdaşlığın uzunmüddətli və qarşılıqlı maraqlara əsaslandığını nümayiş etdirir. Mövcud dinamika göstərir ki, Azərbaycan həm Avropanın etibarlı enerji tərəfdaşı, həm də Cənubi Qafqazda sabitliyin və iqtisadi əməkdaşlığın əsas təminatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirmək niyyətindədir.