Nüşabə Cəfərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük nailiyyətlər qazanılıb. Məhz bu cür qələbələr Azərbaycana bir idman ölkəsi kimi nüfuz qazandırır. İdmançılarımızın əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir.
Prezident İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında ölkəmizdə idmana, idmançılara olan yüksək diqqət və qayğıdan bəhs edib. Cənab Prezident qeyd edib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb. İlham Əliyev bildirib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpia Oyunlarında iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb.
Cənab Prezidentin bildirdiyi kimi Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Azərbaycan Milli Olimpiya Komandası XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu. Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları beş idman növündə medallar qazanıb. Cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə ölkəmizi təmsil edən idmançılarımız uğurlar əldə edib. Belə ki, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev final görüşündə qələbə qazanaraq Paris Yay Olimpiya Oyunlarının qalibi oldu, taekvondoçu Qaşım Maqomedov həlledici görüşdə zədə səbəbilə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu, yunan-roma güləşçisi Həsrət Cəfərov isə Paris Olimpiadasını bürünc medalla başa vurdu. Məhz bu nailiyyətlər Azərbaycanda idmanın bir çox növlərinin inkişaf etdiyini göstərir.
Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması da idmanın tərəqqisinə müsbət təsir göstərmişdir. Belə ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımıızn qələbələri, qazandıqları saysız-hesabsız medallar gənclərin idmana marağının artmasına, mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir. Cənab Prezident onu da qeyd etmişdir ki, bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılaraq xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir.
Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu kimi tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək, mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaq.