Azərbaycan dünyada idman dövləti kimi özünü təsdiq edib

Azərbaycan dünyada idman dövləti kimi özünü təsdiq edib

Fikrət Quliyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon, Yeni Suraxanı Bələdiyyəsinin sədri

Ulu öndər Heydər Əliyev həmişə idmançıların cəmiyyətdəki rolunun artmasına, özlərinə layiqli yer tutmalarına daim diqqət yetirib. Bu məqsədlə dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi, 1995-ci ildə Azərbaycan Prezidenti yanında Fond yaradıldı. Bununla da Azərbaycanda idmanın kütləviliyinin təminatı, bu sahənin tərəqqisi, dünya şöhrətli idmançıların hazırlanması ilə bağlı görülən işlər böyük vüsət aldı.

Bu gün Ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının onun layiqli varisi, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir. Hələ 1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkəmizdə idmanın inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu.

Demək olar ki, şəxsən dövlətimizin başçısı İlham Əliyevin diqqəti idmançıları daha böyük qələbələr qazanmağa sövq edir. Paytaxtla yanaşı, bölgələrdə də idmanla məşğul olmaq üçün yaradılmış şərait gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın daha da kütləviləşməsinə xidmət edir və bu xidmətin nəticəsidir ki, idmançllarımız həm respublika daxilində, həm də ölkədənkənar idman yarışlarında böyük qələbələr qazanaraq bayrağımızı ucalara qaldırırlar.

Ölkə başçısı cənab İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışında mühüm amilləri vurğuladı və idmanın gələcək fəaliyyətin istiqamətlərini müəyyənləşdirdi. İdmançıların sosial rifah halının yaxşılaşdırılması məqsədilə bir qrup idmançıya ənzil hədiyyə etdi ki, bu da bir daha Azərbaycan Prezidentinin idmana və idmançılara necə qayğı ilə yanaşmasından bir nümunədir.

Mərasimdə qeyd edildiyi kimi, Azərbaycan idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır. Bu da, onların təmsil etdiyi dövlətin – Azərbaycanımızın qüdrətindən xəbər verir. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında lV İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd etmək olar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Növbəti dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yeri tutmuşlar ki, bu da yüksək nəticədir.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də bu gün dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətini cəlb etmiş, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.

Həmçinin azad edilmiş Qarabağımıza da beynəlxalq yarışlar keçirilir. Belə ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsində Suqovuşan su anbarında avarçəkənlərin təlim-məşq toplanışı və çıxışları, eyni zamanda Ağdamda Atçılıq kompleksinin yaranması buna əyani bir sübutdur. Suqovuşana səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təlim-məşqi də izləyiblər. 

Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi dünya birliyinin bərabərhüquqlu üzvü kim, idman dövləti kimi özünü təsdiq edib.

Böyük fəxarət hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər oldu. Vətənin ağır günündə onun harayına yollanan övladlarımız cavan ömürlərini qurban verən oğullarımızın hər biri yeni nəsillər üçün bir örnəkdir. Onların sayəsində qazandığımız tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.

Müasir gənclərin hərtərəfli formalaşması, rəqabətə davamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz təkcə idmanda deyil, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə də mühüm rol oynayırlar. Buna misal olaraq onların Laçın-Xankəndi yolunda apardıqları mübarizəni - aksiyanı göstərə bilərik ki, bu dövlət başçısının apardığı ardıcıl siyasətin, gənclərə diqqətinin nəticəsidir.