Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Şəhid Muxtar Qasımlının anım tədbiri keçirilmişdir
24.02.2022 – ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) şəhid məzun Muxtar Qasımlının anım gününə həsr olunmuş tədbir baş tutdu. Öncə tədbirdə iştirak edən məzun şəhid Muxtar Qasımlının valideynlərinə Akademiyada onun adı verilmiş auditoriya haqqında məlumat verilib. Daha sonra Akademiyanın akt zalında tədbir açıq elan edildikdən sonra, Azərbaycan Respublikasının dövlət himni səslənib və şəhid məzunun xatirəsi bir dəqiqəlik sükutla yad edilərək.Akademiyanın multimedia mərkəzinin hazırladığı qısa videoçarx və film nümayiş olunub.
Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova, Suraxanı rayonu Yeni Azərbaycan Partiyasının sədri Vüqar Seyidov, ASAPES-in İdmanın təkmübarizlik növləri kafedrasının müdiri Qalib Əbiyev, Suraxanı rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bunyatəliyev, həmçinin tanınmış fitnes məşqçi Kamil Zeynallı və şəhidin ailə üzvləri çıxış edərək şəhid məzun haqında ürək sözlərini, xatirələrini bölüşmüşlər.
Sonda Akademiyanın prorektoru Fərid Mansurov şəhid atası Əli Qasımova xatirə nişanı olaraq, ASAPES-də keçirilən zəfər sərgisində nümayiş olunmuş portreti təqdim edib. Akademiyanın 14 məzun şəhidi haqqında hazırlanan video çarxa baxıldıqdan sonra, xatirə fotosu çəkdirilib.