Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır

Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır

İlahə Tağıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, Əlövsət Vəliyev adına körpələr evi - uşaq bağçasının tərbiyəçi-müəllimi

Dil sadəcə bir ünsiyyət vasitəsi deyil, o, bir millətin tarixini, mədəniyyətini, ruhunu və varlığını gələcək nəsillərə daşıyan ən müqəddəs əmanətdir. Dünyanın ən zəngin və ahəngdar dillərindən biri olan Azərbaycan dili, əsrlər boyu müxtəlif sınaqlardan keçərək bu günümüzə qədər ucalmış, milli dövlətçiliyimizin təməl sütununa çevrilmişdir.

Azərbaycan dilinin rəsmi dövlət dili kimi bərqərar olması asan bir yolla başa gəlməmişdir. Sovet rejiminin sərt ideoloji qadağalarına və süni məhdudiyyətlərinə rəğmən, Ulu Öndər Heydər Əliyev böyük cəsarət və qətiyyət nümayiş etdirmişdir. Onun gərgin sanksiyalar və təzyiqlər altındakı fəaliyyəti nəticəsində, 1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" maddəsi daxil edilmişdir.

Müstəqilliyimizi qazandıqdan sonra isə bu status daha da möhkəmlənmişdir. 1995-ci ildə xalqın rəyi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsi ana dilimizi dövlətin rəsmi rəmzləri səviyyəsinə qaldırmışdır. Heydər Əliyevin rəhbərliyi ilə 2001-ci ildə imzalanan fərmanlar isə latın qrafikalı əlifbaya tam keçidi təmin etmiş və hər il avqustun 1-nin "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd olunmasını ənənəyə çevirmişdir.

Müxtəlif xalqların nümayəndələri Azərbaycan dilini sadəcə eşidərək onun nə qədər şeirə bənzədiyini, musiqili və xoş ahəngli olduğunu dəfələrlə heyranlıqla qeyd etmişlər. Ulu Öndərin dediyi kimi: "Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var." Dilimizin bu daxili zənginliyi o dərəcədə dərindir ki, onun öz fikirlərini ifadə etmək üçün heç bir xarici kəlməyə ehtiyacı yoxdur.

Bu gün dövlət siyasətinin ən vacib istiqamətlərindən biri məhz bu zənginliyi qorumaq, ana dilimizin saflığını təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi altında latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, klassik və dünya ədəbiyyatının dilimizə tərcüməsi bu sahədə atılan ən böyük addımlardandır. Bu günlərdə dil sahəsində normativ hüquqi aktlara riayət olunmasına nəzarətin Mədəniyyət Nazirliyinə verilməsi də dövlətin öz ana dilinə göstərdiyi ali diqqətin və hüquqi himayənin növbəti sübutudur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır." Bu missiyada ən böyük məsuliyyət isə gənclərin üzərinə düşür. Müasir dünyada qloballaşmanın təsiri ilə dilimizə daxil olan yad təsirlərə qarşı durmaq, sosial şəbəkələrdə və gündəlik həyatda dilin qrammatik qaydalarına düzgün riayət etmək hər bir gəncin vətəndaşlıq borcudur.

Biz ana dilimizi təkcə rəsmi sənədlərdə deyil, cəmiyyətin hər bir layında, xalqımızın içində mütləq hakim dilə çevirməliyik. Öz dilini mükəmməl bilməyən, onun incəliklərinə bələd olmayan bir şəxs öz tarixini və milli köklərini də dərindən dərk edə bilməz.

Azərbaycan dili bizim azadlığımızın, müstəqilliyimizin və milli qürurumuzun səsidir. Əsrlərlə qorunub bizə ötürülən bu mədəni irsi təmiz, saf və toxunulmaz şəkildə gələcək nəsillərə ötürmək hər birimizin ən ali mənəvi vəzifəsidir. Dilimizi sevək, onu ucaldaq və onunla fəxr edək!

 

Paylaş