Azərbaycan çoxtərəfli diplomatiyaya və müxtəlif beynəlxalq platformalarda fəal iştiraka böyük önəm verir

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin direktoru
Qlobal geosiyasi mənzərənin sürətlə dəyişdiyi, yeni çağırışların və imkanların ortaya çıxdığı müasir dövrdə Azərbaycan öz milli maraqlarına uyğun, müstəqil və çoxşaxəli xarici siyasət kursunu ardıcıl olaraq davam etdirir. Paytaxt Bakıda, ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, ölkənin cari vəziyyəti, regional proseslərə baxışı və gələcək üçün strateji hədəfləri barədə əhatəli təsəvvür yaratdı. Çıxışda Azərbaycanın post-konflikt dövründəki yeni reallıqları, regional əməkdaşlıq və bağlantı layihələrindəki rolu, eləcə də beynəlxalq tərəfdaşlarla münasibətlərin prinsipləri ətraflı şəkildə təqdim olundu.
Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı olan İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbə və ölkənin ərazi bütövlüyünün tam bərpa edilməsi, Prezident Əliyevin çıxışının əsas motivini təşkil etdi. Otuz ilə yaxın davam edən işğala son qoyulması və suverenliyin bütün ölkə ərazisində təmin edilməsi, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyinin və öz gücünə arxalanaraq milli məqsədlərinə çatmaq əzminin göstəricisi kimi vurğulandı. Beynəlxalq ekspertlərin azad edilmiş ərazilərə, o cümlədən Xankəndi şəhərinə səfərləri, bölgədəki yeni reallıqlarla bilavasitə tanışlıq imkanı yaratdı.
Bu yeni reallıqlar fonunda Azərbaycan Cənubi Qafqazda davamlı sülh və əməkdaşlığın təmin olunması üçün konkret təşəbbüslərlə çıxış edir. Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın mövqeyi aydındır: beynəlxalq hüquqa hörmət, ərazi bütövlüyünün qarşılıqlı tanınması və ölkələrin bir-birinin daxili işlərinə qarışmaması. Bu prinsiplər əsasında Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə, regionda uzunmüddətli sabitliyin və inteqrasiyanın təmin olunması mümkündür.
Azərbaycanın Gürcüstanla müxtəlif sahələrdə inkişaf edən strateji tərəfdaşlığı, region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın potensialını göstərən uğurlu bir model kimi təqdim edilir. Bununla yanaşı, sülh prosesinə mane olan amillər, o cümlədən Ermənistanda mövcud olan revanşist meyllər və regiondankənar qüvvələrin təsiri ilə silahlanma cəhdləri də nəzərdən qaçırılmır. Bu şəraitdə Azərbaycan öz müdafiə qabiliyyətini möhkəmləndirməyi və milli təhlükəsizliyini təmin etməyi prioritet hesab edir.
Azərbaycan eyni zamanda çoxtərəfli diplomatiyaya və müxtəlif beynəlxalq platformalarda fəal iştiraka böyük önəm verir. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə təşkilatın institusional inkişafına verdiyi töhfələr, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi istiqamətində göstərdiyi səylər, İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və məsuliyyətli mövqeyini nümayiş etdirir. Azərbaycan qlobal problemlərin həllinə töhfə verməyə, müxtəlif ölkələr və regionlar arasında dialoqun və əməkdaşlığın inkişafına dəstək göstərməyə hazırdır.