Azərbaycan bir daha milli iradəsini ortaya qoyub və geri çəkilmək niyyətində deyil!

Azərbaycan bir daha milli iradəsini ortaya qoyub və geri çəkilmək niyyətində deyil!
Firidun Həsənov
Suraxanı 290 nömrəli tam orta məktəbin müəllimi
Zəngin sərvətlərə malik olan Qarabağ toprpaqları qədim dövrdən bu günə qədər hər zaman diqqət çəkmişdir. Bu baxımdan da XX əsrin 90-cı illərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinə göz dikən erməni daşnakları nəinki bu torpaqları ələ keçirmək, onun sərvətlərinə də əl qoymaq istəyirdilər.
Hamıya bəllidir ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladığı dövrdə fürsət düşdükcə ölkəmizin bütün ərazilərini işğal etmək planlarına malik idi. Çünki daşnak Ermənistanın öz dövlətini Azərbaycan torpaqları hesabına qurmaq kimi planları o zaman da var idi, indi də.
1992-ci ildə Şuşanın (8 may) və Laçının (18 may) işğalından sonra nəinki əhali qovuldu, hətta həmin ərazilərdə olan şəhər və kəndlər yerlə-yeksan edildi. Bu azmış kimi onun sərvətləri də düşmənlər tərəfindən talan edilərək Ermənistana daşındı.
44 günlük müharibədən sonra Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində həmin bölgələrin azad olunmasına baxmayaraq, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimiz yenə də qanunsuz şəkildə istismar edilir. Bununla bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparılır və dəymiş zərərin nəticələrinin aradan qaldırıması üçün işçi qrupu yaradılıb. İşçi qrupunun qarşıya qoyduğu tələblər budur ki, təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji problemin pisləşməsi ilə bağlı ilkin monitorinqlər aparılsın. Məqsəd isə Azərbaycan Respublikasının dövlət qrumlarının və mütəxəssislərinin oradakı təbii sərvətlərə qarşı olan münasibəti öyrənməkdir. Lakin nədənsə azərbaycanlı mütəxəssislərin oraya gəlməsinə maneçilik törədilir. Bu da haqlı olaraq , Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqlarının narazılığına səbəb olmuşdur. Əsas tələb ondan ibarətdir ki, təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün görüləcək tədbirlər Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Hal-hazırda Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası bundan əlavə heç bir məqsəd güdmür. Ermənistan tərəfin guya Laçın yolunun bağlanması, humanitar fəlakətin yaşanması, etnik təmizlənmələrin həyata keçirilməsi həqiqəti əks etdirməyən böhtanlar, haqsız iddialardır. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Bununla yanaşı Ermənistanın baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə şərhləri də öhdəliklərə uyğun deyildir. Əslində ermənilərin atdığı bu addımlar beynəlxalq hüquqa da ziddir. ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Parlament Assambleyası tərəfindən qəbul olunan hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktlarının qeydə alınması da bunu təsdiqləyir.
Üç ölkənin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb; 6-cı bəndinı zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur;9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Bununla belə Azərbaycan tərəfi hər zaman olduğu kimi humanistlik göstərərək ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Ermənilərin böhtan xarakterli iddialarına baxmayaraq, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin yaşadığı ərazilərin qazla təchizatını dayandırmayıb, həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törətməyib.
Qarabağ ərazisində bütün bu problemlərə nəzarət etmək tələbi bizim haqqımızdır və bunu heç kəs əngəlləyə bilməz. Qarşı tərəf bu aksiyadan anlamalıdır ki, Azərbaycan bir daha milli iradəsini ortaya qoyub və geri çəkilmək niyyətində deyil. Atalar demişkən “Haqq nazilər,üzülməz”.