Azərbaycan-Almaniya münasibətlərinin inkişafı Avropa İttifaqı ilə əməkdaşlıqda yeni mərhələdir

Azərbaycan-Almaniya münasibətlərinin inkişafı Avropa İttifaqı ilə əməkdaşlıqda yeni mərhələdir
Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam məktəbin direktoru

Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.

Qeyd edək ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb.

Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına müsbət təsir göstərmişdir. Aprelin 2-də  Almaniya  Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri də bu qəbildəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ali qonağı qəbul etmiş və daha sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış etmişlər.

Dövlətimizin rəhbəri cənab İlham Əliyev bəyanatında qeyd etmişdir ki, görüşdə Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmiş, iqtisadi sahədə əldə edilmiş nəticəlkər yüksək qiymətləndirilmişdir: “Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur.

Cənubi Qafqazda təhlükəsizlik məsələsindən, Ermənistanla aparılan danışıqlardan bəhs edən ölkə başçısı Azərbaycanın 30 il ərzində işğala məruz qaldığını qeyd etmiş və bu problemi Azərbaycanın özünün həll etdiyini bildirmişdir. “Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.”

Cənab Prezident bəyanatında  ölkəmizin ötən il COP29 kimi qlobal iqlim konfransına uğurla ev sahibliyi etdiyini və mühüm nəticələr əldə edildiyini qeyd edərək bildirib ki, “COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur.

Cənab Prezident bəyanatının sonunda qeyd etmişdir ki, “İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.”

Azərbaycan-Almaniya münasibərtlərinin inkişafında mühüm mərhələ təşkil edən bu səfər eyni zamanda ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinə də ciddi təsir göstərəcəkdir. İlk növbədə cənab Prezident İlham Əliyevin xarici siyasət kursunun əsasını təşkil edən qarşılıqlı və bərabərhüquqlu əməkdaşlıq sahəsində daha bir nəticə əldə edilmiş olacaqdır.