Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması mühum təşəbbüsdür
Ramil Kişizadə
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
N.Bayramlı adına 196 tam orta məktəbin müəllimi
Bir sıra dövlətlərin soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir.
Bloklara qoşulmamaq hərəkatının əsası 1955-ci ildə Bandunq (İndoneziya) konfransında qoyulmuş, 1961-ci ildə Qahirə konfransında rəsmiləşdirilmişdir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş konfransda qəbul olunmuş bəyanatda isə hərəkatın 10 maddədən ibarət prinsipləri müəyyən edilmişdir.
Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.
Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. Hərəkat BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büro Hərəkatın daimi əsasda fəaliyyət göstərən və təşkilat daxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.
Ölkəmiz müşahidəçi statusuna malik olduğu QH 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını almışdır. Nəticədə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur. Hərəkatın hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
BMT-dən sonra ən böyük beynəlxalq təşkilatın növbəti Zirvə Görüşünün məhz Bakıda keçirilməsi heç də təsadüfi xarakter daşımır. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.
Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də bu müraciətə müsbət cavab vermişdir. Beləliklə hazırda Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.
2022-ci il iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başladı. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib ki “Bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib”.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında Minsk qrupu ilə bağlı da fikir bildirmişdir. “Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq”, - deyən Prezident qeyd edib ki, bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk qrupu təsis olunmuşdu. Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk qrupu, sadəcə, bir alətə çevrilmişdi. Biz işğala son qoyduq, ədaləti bərpa etdik. Mən 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında qeyd etmişdim ki, biz beynəlxalq hüququ, ədaləti bərpa edəcəyik”.
Prezident xüsusi bildirmişdir ki, 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə sadəcə 44 gün kifayət etdi. Ancaq biz bunu 30 ilə yaxın gözlədik. İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.
Prezident çıxışında COVİD 19-la bağlı məsələyə də münasibət bildirmişdir ki, “Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük.
Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik.
Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququnun pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edərək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olublar.