Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti çox haqlı qərar vermişdir
Elnara Ilyina
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi
Avropa Şurası mühüm beynəlxalq birlik kimi öz öhdəliklərinə görə ədalət, bərabərlik və üzvlərinin suverenliyinə hörmət prinsiplərinə riayət etməyi rəhbər tutmalıdır. Lakin son günlər bəzi avropalı deputatların Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə qarşı əsassız ittihamları beynəlxalq hüququn prinsiplərinə əməl olunması və dövlət suverenliyinə hörmətlə bağlı ciddi suallar yaradır. Bu, Azərbaycana qarşı açıq, qərəzli münasibətdən xəbər verir.
Avropa Şurası və onun Parlament Assambleyası artıq neçə ildir ki Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürüdür. Qarabağ zəfərindən sonra bu siyasət daha riyakar və ikiüzlü xarakter alıb. Bu ilin yanvarın 24-də isə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq nümayəndə heyətinə qarşı ağlasığmaz ittiham ilə münasibətlər pik həddə çatıb. Azərbaycan nümayəndə heyəti qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və islamofobiya mühiti fonunda əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti müvafiq bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti çox haqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı. “Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Azərbaycan AŞPA-nın üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb. İşğal dövründə azərbaycanlılar zorla evlərindən qovuldular, Qərbi azərbaycanlılar isə etnik təmizləməyə məruz qalmışdılar. AŞPA deyilən qurum Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verərək, yenə anti-Azərbaycan mövqeyindən çıxış edir”
Şübhəsiz ki, Azərbaycana qarşı irəli sürülən iradlar və ittihamların kökündə tək bir məsələ durur - müstəqil siyasət yeridən dövlətlərin hədəfə alınması. Bu qurum Rəsmi Bakının ərazi bütövlüyü və suverenliyini müstəqil, kənar müdaxilə olmadan reallaşdırması ilə heç cür barışa bilmir. Avropa Şurasına üzv olanda ümid edirdik ki, təşkilat sülh və danışıqlar yolu ilə torpaqların işğaldan azad olunmasına, ən əsası, bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtmasına yardımçı olacaq. Lakin bu, baş vermədi. Əvəzində vədlər, tərəfləri sülhə çağırış və s. “növbətçi” bəyanatlarından başqa bir şey eşitmədik. Elə ki ərazi bütövlüyümüzü təmin etmək üçün hərbi əməliyyatlara başladıq, quzğun kimi hər tərəfdən üstümüzə tökülüşdülər.
Göstərilənlər də Azərbaycana qərəzdən başqa bir şey deyil. Bütün hallarda AŞPA-nın səyləri digər əsassız iddialar kimi, nəticəsiz qalacaq. Azərbaycan müstəqil, balanslı siyasət kursuna davam edəcək. AŞPA-nın son qərarının da insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycana qarşı birmənalı şəkildə qərəz və ədalətsizlikdir.