Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirələcəkdir
Gülşən Hüseynova
Suraxanı rayonu 330 saylı baxçanın müdiri
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük imkana və potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, ölkənin bütövlükdə günəşli olması, bol suyu olan çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bunun digər əsaslı səbəbləri də var. Dövlət başçısının dediyi kimi: “Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”.
Bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var.
Cənab Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında onu da vurğuladı ki, Azərbaycanın bərpa olunan enerji sahəsində malik olduğu potensial rəqəmlər quruda 27 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur.
SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalanıb. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arsında bu razılaşma qısamüddətli bir layihədir.
Bu tədbirlər Azərbaycan energetikasının davamlı inkişafını səciyyələndirən önəmli faktlardır. Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə edəndən sonra özünün xarici siyasət kursunda Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərə mühüm yer ayırmışdır. Bu münasibətlər qarşılıqlı hörmətə, güclü dostluq və qardaşlığa əsaslanır. Bunu şərtləndirən əsas amil kimi isə ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır.
Günəş enejisi də dünya da ən əlverişli mənbələrdən biridir və xüsusilə, günəşli ərazilər üçün daha perspektivlidir. Azərbaycanın təbii iqlim şəraiti də günəş enerjisindən istifadə etməklə, elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində Azərbaycanda 2400-3200 saatdır. Yəni, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.
Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilmişdir.
Ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılır. Bu sahədə aparılan işlər çərçivəsində bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə araşdırmalar davam etdirilmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində biz yaşıl enerji ixracını da planlaşdırırıq. Həmin planı həyata keçirmək üçün Azərbaycanın daxili istehlakından daha çox “yaşıl elektrik enerjisi” istehsalı nəzərdə tutulur.