Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı
Gülbəniz Fərəcova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon, 19 saylı uşaq bağçası və körpələr evinin müdiri
Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur. XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində birləşdirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana öz istiqlaliyyətini elan etmək şansı yaratmışdır. Istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.
ADR-in müstəqilliyinin elan olunmasından 23 ay sonra - 1920-ci ilin aprelində xarici təcavüz nəticəsində beynəlxalq münasibətlərə və beynəlxalq hüquqa zidd olaraq dünya ölkələri tərəfindən tanınmış suveren dövlət - Azərbaycan Demokratik Respublikası zorla, silah gücünə devrildi. Hakimiyyət rus imperiyası tərəfindən qəsb edildi. Buna baxmayaraq, Şərqdə ilk müstəqil müsəlman dövlətinin yaradılması xalqımızın yaddaşına əbədi həkk oldu.
1991-ci ildə Sovet İmperiyası çökmə həddinə çatdı. Azərbaycan həmin ilin oktyabrın 18-də öz müstəqilliyini bərpa etdi. 1993-cü ilin may-iyun aylarında səriştəsiz idarəetmə nəticəsində ölkədə siyasi böhranın son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin yayında tarixi xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycan Respublikasını AXC-nin varisi elan etməsi və bu missiyanı müdrikliklə reallaşdırması müstəqillik tariximizin öz dəyərini heç zaman itirməyəcək səhifələrindən birini təşkil edir.
Qeyd edək ki, 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi qiymət verən Heydər Əliyev öz çıxışında demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü”.
Illər sonra isə hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə 17 ildə bu məsələlər daha da genişləndirilmiş, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırmışdır. Elə bunun məntiqi izahıdır ki, daha əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qalib və qürurlu xalq kimi tanınır. Dünya mətbuatı və xalqları Azərbaycanı XXI əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq kimi tanıyır.
Prezident İlham Əliyev 28 Mayla bağlı bu fikirləri səsləndirmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər."