Azərbaycan – Ukrayna əməkdaşlığının əsas istiqamətləri

Azərbaycan – Ukrayna əməkdaşlığının əsas istiqamətləri

Bəhmən Məmmədov

Hövsan QİƏD üzrə Nümayəndəliyinin baş məsləhətçisi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Aprel ayının 25 - də Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Prezidenti Cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğuladı ki, dövlət başçıları arasında keçirilən görüşlər artıq müntəzəm xarakter daşıyır və bu, tərəflər arasında formalaşmış etimadın və siyasi dialoqun göstəricisidir. Son illər ərzində Azərbaycan və Ukrayna liderləri arasında bir neçə dəfə görüş keçirilib və bu görüşlər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafına ciddi təkan verib. Bu baxımdan, cari səfər də əvvəlki təmasların məntiqi davamı kimi qiymətləndirilir. Prezident Cənab İlham Əliyev bildirdi ki, müntəzəm təmaslar ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır. Eyni zamanda, keçirilən görüşlər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması üçün mühüm platforma rolunu oynayır.

Dövlət başçısı həmçinin çıxışında vurğuladı ki, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq möhkəm siyasi əsaslara söykənir. İki ölkə arasında strateji tərəfdaşlığa dair mühüm sənədlər imzalanıb və bu sənədlər münasibətlərin inkişafında əsas rol oynayır. Həmçinin Cənab Prezident bildirdi ki, bu siyasi təməl qarşılıqlı olaraq ərazi bütövlüyünün və suverenliyin dəstəklənməsi prinsiplərinə əsaslanır. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinin mövqeyini müdafiə edir və bu xətt gələcəkdə də davam etdiriləcək.

 Prezident İlham Əliyev bəyanatında enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd etdi ki, SOCAR Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərir. Dövlət başçısı bildirdi ki, bu fəaliyyət artıq konkret nəticələr verib və iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verir. Həmçinin qeyd olundu ki, SOCAR-ın Ukraynadakı fəaliyyəti yalnız mövcud layihələrlə məhdudlaşmır, eyni zamanda yeni əməkdaşlıq istiqamətləri və birgə layihələr üçün geniş perspektivlər mövcuddur. Prezident İlham Əliyev bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı, gələcəkdə enerji əməkdaşlığının daha da genişlənəcəyini diqqətə çatdırdı.

Beləliklə, aprelin 25-də keçirilən görüşlər və mətbuata verilən bəyanatlar Azərbaycan ilə Ukrayna arasında münasibətlərin dinamik və çoxşaxəli şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçıları tərəfindən səsləndirilən fikirlər əməkdaşlığın həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində daha da genişlənəcəyindən xəbər verir. Görüş çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər iki ölkə arasında tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Xüsusilə enerji, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı maraqlara xidmət edir və regionda sabitliyin möhkəmlənməsinə töhfə verir. Bütün bunlar onu göstərir ki, Azərbaycan - Ukrayna münasibətləri möhkəm təməl üzərində qurulub və qarşıdakı dövrdə daha geniş perspektivlərə malikdir. İkitərəfli əlaqələrin inkişafı həm regional, həm də beynəlxalq səviyyədə əməkdaşlığın güclənməsinə xidmət edəcək.