AZƏRBAYCAN SÜRƏTLİ İNKİŞAF, TƏRƏQQİ YOLUNDADIR

AZƏRBAYCAN SÜRƏTLİ İNKİŞAF, TƏRƏQQİ YOLUNDADIR
Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru
“Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan yüksək tərəqqi və inkişaf edən ölkələrdən biri kimi dunyanın diqqət mərkəzindədir. Hazırda respublikamızda regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları da uğurlu icra edilir. Məhz Dövlət proqramlarının uğurlu icrası nəticəsində də respublikamız dinamik inkişaf edir. Xüsusən də, son vaxtlar ölkəmizdə genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri həyata keçirilməsi, yeni sənaye obyektlərinin yaradılması, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları əsasında Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinə yeni başçılar təyin olundu. Həmin icra başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar görüşdə Prezident İlham Əliyev çıxışında dedi ki, “rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. İmkan daxilində bütün işləri görməklə insanların rifah halı yaxşılaşdırılıb. Sahibkarlar da quruculuq işlərində fəal iştirak edirlər.”
Ölkə başçısı İlham Əliyev 10 milyondan çox əhalisi olan Azərbaycanda iş yerlərinin açılması prosesin daimi xarakter aldığını, ödənişli sosial işlərin yaradılmasının da geniş vüsət aldığını qeyd edib. Prezident İlham Əliyev çıxında heç kimin qanundan üstün olmadığını bildirərək, bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini də söylədi. Daha sonra Prezident İlham Əliyev çıxışında “İcra başçıları daim insanlarla təmasda olmalıdır. İcra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” – demişdir. Göründüyü kimi Ölkə başçısı vətəndaşları narahat edən problemlərin həlli istiqamətində icra başçılarının daima xalqla təmasının düzgün istiqamətdə qurulmasının vacibliyini də diqqətə çatdırıb.
Görüşdə Prezident İlham Əliyev həmrəylik nümayiş etdirilən cəmiyyətdə şəhid ailələrinə xüsusi diqqətin göstərilməsindən danışaraq, qeyd edib ki, “İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır”.
Eyni zamanda diqqətə çatdırılıb ki, heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.
Sevindirici haldır ki, görüşdə Azərbaycanın turizm potensialının yüksək olduğuna görə Göygöl, Masallı və Lerik rayonlarını turizm mərkəzinə çevirmək, müasir istirahət zonalarının, otel komplekslərinin inşa edilməsi və bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol çəkilməsinin bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rola malik olduğu da diqqətə çatdırılıb. Sonda qeyd edim ki, 44 günlük Vətən müharibəsindəki tarixi Böyük Qələbədən sonra Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşib. Həqiqətən də ölkəmizdə siyasi sabitlik, firavanlıqla bərabər həm də əmin-amanlıq bərqərar olub. Bu gün Azərbaycanın sürətli inkişaf, tərəqqi yolu tutması isə xoşbəxt gələcəyimizə təminatdır.