Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında bildirib. Tarix boyu “Böyük Ermənistan” yaratmaq ideyası ilə yaşayan ermənilər Avropa dövlətlərinə arxalanaraq Azərbaycana qarşı öz çirkin niyyətlərini həyata keçirmişlər.
Hələ XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayaraq tarixi abidələrin, saraylar və muzeylərin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, avtomobil yollarının, meşələrin, hektarlarla kənd təsərrüfatı üçün yararlı torpaqların dağıdılmasına səbəb olmuşdur. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər.
Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir. Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dəfələrlə səylər göstərərək bu munaqişənin sülh yolu ilə həll edilməsinə çalışmışdır.
Azərbaycan hakimiyyətinin problemin sülh yolu ilə həlli üçün göstərmiş olduğu çabalar da təəssüf ki, qarşı tərəfdən dəyərləndirilmədi. Ölkəmizə qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi nəticəsiz qalmışdı.
Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ona görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir.
Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu “Dəmir yumruq” adlı əks-hücum əməliyyatını 44 gün ərzində böyük zəfər ilə sonlandırdı. Azərbaycan xalqı bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi”.
Postmüharibə dövründə dövlət başçısının müəyyənləşdirdiyi hədəflər uğurla həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə həyata keçirilir. Erməni vandalizminin daha bir nişanəsi, işğaldan azad edilən Azərbaycan torpaqlarında üzə çıxarılan kütləvi məzarlıqları insanlıq əleyhinə, bəşəri cinayət kimi dəyərləndirir. Dövlət başçısı öz çıxışında Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirmişdir.
Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. İkinci Qarabağ müharibəsinin başa çatmasından 2 il vaxt keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb: azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir. Mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş Azərbaycan ərazilərindən təmizlənməsi qarşıda duran əsas məsələlərdəndir. Cünki layihələrin icrası üçün ərazilər təhlükəsiz hala gətirilməlidir. Ancaq işğalçı qonşularımız minalanmış ərazilərin xəritələrini verməməklə Azərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozur.
Azərbaycanın Zəfər tarixindən iki il ötür. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. “Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması”, – deyən dövlətimizin başçısı bildirib: “Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb”.
Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.
Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib.
Yeni reallıqlarla barışmayan Ermənistan Azərbaycan sülhyaratma prosesindəki ciddi səylərinə baxmayaraq təxribat törətməkdə davam edir. Belə ki, bu ilin sentyabr ayında Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirilib. Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub.
Ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması məqsədilə müvafiq cavab tədbirləri görülüb, Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı qətiyyətlə alınıb. Bədnam qonşularımız anlamalıdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı edilən istənilən cəhd cavabsız qalmayacaqdır.
Ermənistanın törətdiyi cinayətlər fonunda Azərbaycan sülh sazişinin imzalanması istiqamətində səylərini davam etdirir. Belə ki, oktyabrın 6-da Praqada Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün nəticəsi Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyinin göstəricisidir.
Ərazi bütövlüyümüz rəsmən Ermənistan tərəfindən qəbul olundu. Bu bəyanatın Praqa toplantısında verilməsi və qarşılıqlı ərazi bütövlüyünün tanınması Azərbaycan, Ermənistan, Fransa, Avropa İttifaqı Şurasının iştirakı, Avropanın demək olar, bütün siyasi rəhbərlərinin şahidliyi ilə vurğulanması dövlət başçısının məqsədyönlü xarici siyasətini, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. "Bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir”.