Füzuli ordumuz üçün Şuşaya açılan qapı idi

Füzuli ordumuz üçün Şuşaya açılan qapı idi

Şaiq Səfərov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı RİH başçısı aparatında Layihə Smeta Bürosunun rəisi

Ölkəmizdə gündəmin daim yenilənməsi inkişafdan xəbər verir. Bu gün Azərbaycan artıq gündəmlə ayaqlaşmaqla yanaşı, özü dünyada gedən proseslərin predmetinə çevrilib. Göz önündəyik. Dünya atacağımız növbəti addımları, verəcəyimiz yeni qərarları maraqla və böyük şövqlə gözləyir. Əsl uğur da elə budur! Diqqət mərkəzində olmaq! Azərbaycan, xüsusilə Qarabağ münaqişəsinin həllindən sonra gözləri üzərinə çəkib.

Hətta müharibə dönəmində keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə ümumiyyətlə yaxından və ya uzaqdan əlaqəsi olmayan dövlətlər belə, bu gün məsələyə fərqli rakusdan baxmağa başlayıblar. Ətrafımızda cərəyan edən bütün hal və hadisələr düşüncədə başlayır və elə düşüncələrdə də bitir. Bu baxımdan, böyük qürurla deyə bilərik ki, biz düşüncələri dəyişmişik.

Keçmiş Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın özü tərəfindən hərbi-siyasi yollarla həll edilib. Dünyada böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan, qərəzsiz və bitərəf Avropa İttifaqının bu prosesdə sərgilədiyi mövqe diplomatik müstəvidə Azərbaycanın qələbəsidir və bu onu göstərir ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Bu hər bir azərbaycanlını qürurlandırır.

II Qarabağ Müharibəsində qazanılan qələbədən danışdıqda, göz önündə müharibənin başladığı xəbərini aldığımız həmin o ala-qaranlıq sübh çağı canlanır. Onun ardınca isə Qarabağ Zəfərinə açılan müqqəddəs şəhid qanıyla islanmış torpaqlardan gələn qələbə xəbəri. Bu Füzuli torpağı idi. Xəbər aparıcısının sevincdən ağlamasın deyə boğunuq səs tonuyla bir neçə kəndinin azad olunduğu müjdəsini verdiyi Füzuli torpağı. Aldığımız ilk müjdəli xəbər buradan gəlmişdi. Gözəl Füzuli, gözəl xatirələr...

Təəssüflər olsun ki, mənfur düşmən əlində həbsdə qalan gözəl Füzulidən geriyə yalnız xarabalıq Füzuli qalıb. Həmin Füzuli ki, erməni qəsbkarlarının işğalından öncə zəngin infrastruktura malik, XIX, XIV hətta yaşı minillərə bərabər olan XIII əsrdən günümüzə qədər gəlib çatmış tarixi-dini abidələrlə zəngin, II Qarabağ Müharibəsi kimi taleyüklü tarix sınağının gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Əbəs yerə cənab Prezident də müharibədən sonra dəfələrlə məhz Füzuliyə səfər etməmişdir. Füzuli ordumuz üçün Şuşaya açılan qapı idi.

Bu gün biz artıq Füzulinin işğaldan azad olunmasının ikinci ildönümü ərəfəsindəyik. Xalqın Vətən eşqiylə bağlı ən ülvi arzularını dövlətin prioritet istiqaməti bilən rəhbərlər sözsüz ki, gec və ya tez ən ali hədəflərə çatacaqdır. Qarabağ kimi bəziləri tərəfindən həlli mümkün görünməyən hərbi-siyasi məsələni Ulu Öndər Heydər Əliyevin mirası bilib, xalqın Vətən həsrətinə ürək yandırdı cənab Prezident İlham Əliyev.

Biz torpaqlarımıza qayıdacağımıza olan ümidimizi heç bir zaman itirməmişdik. Yaxşı bir deyim var. Yolun sonunu görmək istəyirsənsə, yola kiminlə çıxırsan ona bax. Söz zamanına çəkər. Bu gün artıq biz dövlət başçımızın ilk dəfə Prezident seçilərək ölkəmizdə iqtidar sükanı arxasına keçdiyi o böyük tarixi günü geridə qoymuşuq. Biz məğlub ola bilməzdik. Çünki, biz bu yola Heydər Əliyev ideologiyasına sadiq, eyni zamanda yeni dünya çağrışları ilə ayaqlaşa biləcək praqmatik zəkaya malik liderlə çıxdıq. Bizim mübarizəmiz haqq işi idi.  Zaman hər daşı öz yerinə qoydu, tarix yenidən yazıldı. Qarabağ torpaqlarının azad edilməsi tarixi missiya idi. Xoşbəxtik ki, bu şərəfli missiya bizim nəslin üzərimə düşdü.