Zərövşən Qafarova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Bakı şəhəri 281 nömrəli tam orta məktəbin müəllimi
Müstəqilliyimizin ilk illəri çox ağır keçdiyindən xalq özünə ümid, dayaq axtarırdı. Bu dayaq onu gələcək bəlalardan qorumaq, yeni faciələrdən uzaqlaşdırmaq, inamını doğrultmaq üçün önəmli idi. Məhz belə bir qarışıq dönəmdə Ulu Öndərin rəhbərliyi ilə müstəmləkə zəncirindən qurtulmuş gənc, yeni Azərbaycan yaratmaq üçün ilk addım atıldı. Bu addımı atanlar Yeni Azərbaycan Partiyası ətrafında cəmləndilər.
1992-ci ildə Ulu Öndərin ətrafında birləşərək YAP təsis edildi. Eyni zamanda, hər bir bölgədə partiyanın şöbələri fəaliyyətə başladı. Suraxanı rayon partiya şöbəsi də Ulu Öndər siyasətinin davamçısı olaraq, daim öndə gedənlərdəndir. Qəribədir ki, insanları partiyaya deyil, onun rəhbərinə inam birləşdirdi. Çünki “Azadlıq” radiosu ilə 20 Yanvar faciəsinə öz hiddətini bildirən, millətin ağır günündə onunla olmağı vətəndaşlıq borcu bilən Heydər Əliyev şəxsiyyəti əvəzsiz güvən və ümid fenomeni idi. Fenomenə pərəstişin nəticəsi olaraq partiya üzvləri gündən-günə artır.
Yəqin ki, çoxlarının yadındadır, Xocalı faciəsində doğmalarını itirən, göz yaşı içində boğulan bir vətən oğlunun, “bizi bu bəladan yalnız Heydər Əliyev qurtara bilər”, sözləri. Bu sözlər ölkədə, sanki bir çanlanma yaratdı. Bu canlanma xalqın Azadlıq meydanına axışaraq Heydər Əliyev şəxsiyyətinin işığına yığışmaq arzusunun ifadəsi idi.
Beləliklə, xalqın təkidi ilə Heydər Əliyev - Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldi və gələn gündən yenidənqurma işlərinə başladı. İlk olaraq atəşkəsə nail olan lider ölkənin milli sərvətini, onun maddi və mənəvi dəyərlərini qorumaq, yeni nəslin demokratik ruhda inkişafını təmin etmək uğrunda mübarizəyə başladı.
30 illik fəaliyyəti dövründə Azərbaycan adlı məmləkətin dünyada tanınması, mənfur düşmən və onun havadarları ilə mübarizə partiya nümayəndələrinin əsl vətəndaş mövqeyinin göstəricisi oldu. Bu göstərici milli hökümətin ordu quruculuğunda daha da artdı. Hərbi Akademiya, Avrasiya Akademiyası, Fövqəladə Hallar Akademiyasının yaradılması gənc nəslin milli ənənələrə sadiq, azərbaycançılıq ideyaları ruhunda böyüməsinə təkan verdi. Təbii ki, bu ruhda böyüyən nəsil torpaqları uğrunda canından keçməyə və xalqın vətən ağrısına son qoymağa layıq vətəndaş kimi yetişdilər.
Amma görülən işlərin ən önəmlisi isə Ulu Öndər yadigarı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük zəfər yürüşü idi. Bu yürüş 30 illik torpaq həsrətinə son qoyaraq dövlətə və dövlətçiliyə xalq məhəbbətini birə-beş artırdı. Qarabağın zümrüd qaşı Şuşa, az qala yer üzündən silinmiş Ağdam, Füzuli, torpağından qızıl süzülən Kəlbəcər, igidlər oylağı Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan–bütün həsrət torpaqlar əbədi sakinlərini qoynuna aldı.
Amma necə? Yaşam mücadiləsi edən bir yaralı əsgər kimi. Lakin bu əsgərin yaralarına məlhəm olub onu ayağa qaldırmaq üçün Azərbaycan övladları hakimiyyətlə əlbir oldular. 8 Noyabr 2020-ci il tarixi qələbədə iqtidar və müxalifət yox idi. Bütöv Azərbaycan var idi.
İndi həm Yeni Azərbaycan Partiyasının, həm də bütün xalqın bir amalı var: işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərini sürətləndirmək, Bütöv Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaq.
İşin avand olsun, Azərbaycan!