Aqrar sahədə qəbul edilmiş Dövlət Proqramları “Böyük Qayıdışı” sürətləndirir

Aqrar sahədə qəbul edilmiş Dövlət Proqramları “Böyük Qayıdışı” sürətləndirir

Zümrüd Yusubova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 5 saylı körpələr evi və uşaq bağçasının müdiri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə ölkənin qeyri-neft sektorunun ən mühüm qolu olan aqrar sahənin gələcək inkişaf templərini və strateji hədəflərini müəyyən etmişdir. Dövlət başçısı tərəfindən aqrar sahəyə daim xüsusi və çox böyük diqqət göstərildiyi, bu istiqamətdə qəbul edilən qərarların və proqramların ölkədə genişmiqyaslı iqtisadi-sosial canlanmaya səbəb olduğu qeyd edilmişdir.

Həyata keçirilən regional inkişaf proqramları nəinki kənd təsərrüfatının istehsal gücünü artırmış, həmçinin regionlarda məşğulluq səviyyəsinin yüksəlməsinə və irihəcmli infrastruktur layihələrinin uğurla icra edilməsinə təkan vermişdir. Bu kontekstdə dövlət xətti ilə gerçəkləşdirilən layihələr və subsidiyalaşdırma siyasəti aqrar sektorun inkişafında əsas hərəkətverici qüvvə kimi çıxış edir.

Müşavirədə xüsusi vurğulanan əsas istiqamətlərdən biri ölkə daxilində infrastrukturun tam modernləşdirilməsi və işğaldan azad edilmiş torpaqların sürətlə ümumi iqtisadiyyata inteqrasiya olunmasıdır. Azad edilmiş torpaqlar istisna olmaqla, hazırda respublika üzrə ümumi qazlaşdırma səviyyəsi yüksək göstəriciyə – 96 faizə çatdırılmışdır.

Su təminatı layihələri çərçivəsində Şirvan kanalının bərpası və yenidən qurulması, eləcə də Qarabağ kanalının yenidən qurulması işlərinə start verilmişdir. Bu layihələr minlərlə hektar torpaq sahəsinin suvarılmasını təmin edəcək.

Aqrar sahədəki və regionlardakı canlanma, qəbul edilmiş dövlət proqramları 'Böyük Dönüşü' sürətləndirir. Regional inkişaf layihələri sosial infrastrukturun qurulması ilə paralel aparılır. Əsas hədəf urbanizasiya meylini tənzimləmək, yəni şəhərlərdən kəndlərə qayıdış prosesini başlamaq və stimullaşdırmaqdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” və bundan irəli gələn məsələlərin tənzimlənməsi ölkənin uzunmüddətli aqrar siyasətinin əsasını təşkil edir.