Anadilli milli mətbuat

Anadilli milli mətbuat
Şəmsiyyə İsmayılova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan milli mətbuatı xalqımızın mədəni və siyasi maariflənməsində, azadlıq və milli kimliyin formalaşmasında müstəsna rol oynamışdır. 22 iyul 1875-ci ildə görkəmli ziyalı, maarifçi və publisist,təbiətşünas alim Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti ilə əsasları qoyulan Azərbaycan mətbuatı bu gün 150 illik zəngin tarixi ilə qürur mənbəyimizə çevrilmişdir.
“Əkinçi” qəzeti hər nə qədər qısa müddət fəaliyyət göstərsə də, milli oyanışın, maarifçiliyin və azad fikrin ilk carçısı olmuşdur XIX əsrin sonu və XX əsrin əvvəllərində “Ziya”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad” kimi qəzet və jurnallar anadilli mətbuatın davamlı inkişafına təkan vermiş, maarifçilik ideyalarının yayılmasında mühüm rol oynamışdır. Bu nəşrlər milli ədəbi dilimizin formalaşmasında və ictimai şüurun oyanışında əhəmiyyətli missiya daşıyıblar.
Demokratik cəmiyyətin inkişafı naminə mətbuat üzərindəki süni maneələr aradan qaldırılmış, hüquqi baza təkmilləşdirilmişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da dərinləşdirilmiş, “Media haqqında” yeni qanun qəbul olunmuş, Medianın İnkişafı Agentliyi yaradılmış və media subyektlərinə geniş iqtisadi və hüquqi imkanlar təmin olunmuşdur.
Azərbaycan jurnalistikası təkcə daxili informasiya siyasətinin aparıcı gücü deyil, eyni zamanda beynəlxalq aləmdə haqq səsimizin carçısı olmuşdur. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası vətənpərvərlik, cəsarət və peşəkarlıq nümunəsi göstərmiş, əsgər və zabitlərimizin qəhrəmanlığını dünya ictimaiyyətinə çatdırmaqla informasiya cəbhəsində də Zəfər salnaməsi yazmışdır.
Bu gün media rəqəmsallaşma, süni intellekt, sosial media platformalarının genişlənməsi kimi çağırışlarla üz-üzədir. Dövlətimiz informasiya təhlükəsizliyini təmin etmək, dezinformasiya ilə mübarizə aparmaq, həmçinin gənc jurnalistlərin peşəkarlığını artırmaq üçün kompleks tədbirlər həyata keçirir. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip kimi təsbit olunması medianın azad və güclü bir institut kimi formalaşmasına zəmin yaradıb.
Milli mətbuatımızın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, jurnalistlərə sosial dəstək proqramlarının, ipoteka imkanlarının təqdim edilməsi, vergi güzəştləri və peşəkar təlimlərin təşkili bu sahəyə olan yüksək dövlət qayğısının bariz göstəricisidir. Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq memorandumu iki qardaş ölkə arasında informasiya sahəsində də sıx inteqrasiyanın əsasını qoymuşdur.
Bu gün mediamız yalnız informator deyil, həm də cəmiyyətin formalaşmasında iştirak edən ideoloji və mənəvi dayaqlardan biridir. Vətənə, dövlətə və xalqa xidmət edən, müstəqil, obyektiv və peşəkar jurnalistikanın inkişafı Azərbaycanın gələcəyinin təminatlarından biridir.
Mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, şəffaflıq və sosial ədalətin təminində, milli həmrəyliyin möhkəmlənməsində vacib rola malikdir. Milli Mətbuat Günü münasibətilə bütün jurnalistlərimizi və media nümayəndələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Qoy Azərbaycan mətbuatı daim yüksək peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsipləri ilə yoluna davam etsin.