Qubadlı şəhəri yenidən bərpa edilir, Qubadlıya həyat yenidən qayıdır

Qubadlı şəhəri yenidən bərpa edilir, Qubadlıya həyat yenidən qayıdır

Könül İsmayılova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı Rayonu,163 saylı körpələr evi və uşaq bağçasının müdirəsi

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. 2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Milli Ordu hissələri Yazı düzünə Cəbrayıl rayonu istiqamətindən yarğanlar vasitəsilə irəliləyib və düşmənin 21 səngərinə və Qubadlı şəhərinə nəzarəti ələ keçirib. Digər bölmələrimiz isə Zəngilan istiqamətindən irəliləyərək Qubadlı rayonu və ətraf kəndləri işğaldan azad ediblər.

Həmin hərbi əməliyyatlar nəticəsində oktyabrın 23-də əvvəlcə Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri Ordumuzun nəzarətinə keçib. Bundan iki gün sonra isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri işğalçılardan təmizlənib.

Vətən müharibəsi bizim şanlı qələbəmizlə nəticələndi və biz bütün torpaqlarımızı işğaldan azad edərək, ərazi bütövlüyümüzü bərpa etdik. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Biz fəxr edirik ki, Qubadlıda Qaçaq Nəbidən, Əliyar Əliyevdən başlanan qəhrəmanlıq yolu bu gün Şükür Həmidov və digərləri tərəfindən davam etdirilir. Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman polkovnik Şükür Həmidov da məhz Qubadlı rayonunun yetirməsidir. Polkovnik Həmidovun 2016-cı ilin aprelində erməni işğalçıları ilə döyüşdə göstərdiyi qəhrəmanlıq, Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsindəki böyük şücaət göstərərək Milli Qəhrəman adına layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və biz işğaldan azad edilmiş bütün rayonlarımızı, eləcə də Qubadlını yenidən qururuq.

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən bərpa edilir, Qubadlıya həyat yenidən qayıdır. Bu gün bu şanlı qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcəkdir.