Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir
Rahilə Novruzlu
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin müəllimi
Ana dili hər bir xalqın varlığını təsdiq edən ən başlıca amildir. Xalqın keçdiyi tarixi yol ilk növbədə onun dilində öz əksini tapır. Dilini itirən xalq məhf olmağa məhkumdur. Bunu daim dərk edən ziyalılarımız, böyük mütəfəkkirlərimiz dilimizin saflığı uğrunda mübarizə aparmış, öz sözlərini demişlər. Böyük ədib, publisist Cəlil Məmmədquluzadə çar Rusiyası dövründə dilimizə qarşı olan biganə münasibəti daim özünəməxsus üsulla tənqid etmişdir. Molla Nəsrəddin jurnalının elə I sayında çap olunan yazıda bunu görmək mümkündür : “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! Mən sizinlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dilində danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır. Salınız yada o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində layla deyirdi...Hərdənbir ana dilində danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?” Bu yazı ilə həmin dövrdə dilimizə qarşı olan münasibət açıq-aydın görünür.
Çar Rusiyasının ruslaşdırma siyasətindən sonra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qısa müddətdə olsa, dilimizin inkişafina önəm verilmişdir. Sovet imperiyası dövründə vəziyyət yenidən dəyişmişdir. Dilimizə qarşı hücumların yeni dalğası başlamışdır. Rəsmi dövlət dili rus dili qəbul olunmuş və rəsmi tədbirlərdə rus dilindən istifadə olunmuşdur. 1937-ci ilin aprel ayında qəbul olunmuş konstitusiyada dövlət dili barədə maddə olmamışdır.
Məhz belə bir dövrdə sovet Azərbaycanına rəhbərliyə bir el oğlu gəlir. O heç kəsin cəsarət etmədiyi bir işi görür: rəsmi idarələrdə, tədbirlərdə öz dilində - doğma türk dilində çıxış edir. Həmin şəxs 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev idi. Ulu öndər uzun illərdir mütəfəkkirlərin uğrunda mübarizə apardığı böyük bir tarix missiyanı davam etdirir, dilimiz uğrunda mübarizəyə başlayır. Belə ki, məhz onun sayəsində 1978-ci ildə Azərbaycan SSR-nin növbəti Konstitusiyasında ilk dəfə olaraq rus dili ilə yanaşı Azərbaycan dili rəsmi dil statusu alır. Bu, tarixi bir uğur idi. Ulu öndər bununla kifayətlənmir. O, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər verir. Bundan başqa ana dilində mətbuatın, elmin tərəqqisi üçün əlindən gələni edir. Bir sıra qəzet və jurnallar doğma dildə çap olunmağa başlayır. Azərbaycan dilinin tarixi o zamana qədər görülməmiş bir ardıcıllıqla araşdırılır.
Heydər Əliyev bütün rəsmi və qeyri-rəsmi yığıncaqlarda heç çəkinmədən Azərbaycan dilində çıxışlar edir. 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli tədbiri Heydər Əliyev ana dilində açdı və nitq söylədi. Müstəqillik illərində həmin günü xatırlayan ulu öndər bu hadisənin böyük sensasiya kimi qəbul olunduğunu bildirmişdi. Bütün bunlar sübut edir ki, ana dili məsələsi ulu öndərin siyasətinin həmişə tərkib hissəsi olmuşdur.
Ana dilini sevən, onu qoruyan ümumilli lider müstəqillik illərində mütəxəssislərin iştirakı ilə uzun müddətli müzakirələr təşkil etmişdir. Həmin müzakirələr mövcud problemlərin aradan qaldırıması uğrunda xeyli təsirli olmuşdur. “Xalqımız əsrlər boyu böyük sınaqlardan keçmiş, ancaq öz mənliyini, kimliyini, öz dilini itirməmişdir”- deyən böyük dahinin sərəncamları, fərmanları, qəbul etdiyi qərarları dilimizin inkişafında yeni bir yol açmışdır.
Dilimizin inkişafı yolunda ən əlamətdar hadisə Heydər Əliyevin prezidentliyi illərinə təsadüf edir. 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunur. Heydər Əliyev, təbii ki, bununla kifayətlənmir. Türk dünyasının yazıçılarının 1996-cı il qurultayında Heydər Əliyev çıxış edərək ana dili ilə fəxr etdiyini bildirir. Azərbaycan dilinin təhsil sahəsində geniş bir şəkildə işlənməsi məhz Heydər Əliyevin hakimiyyəti illərindən başlayır. Hakimiyyətinin elə ilk illərindən Azərbaycan dilinin tədrisi işinin yüksək səviyyədə qurulmasında geniş imkan və perspektivlər açmışdır. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilin dövlət dilində aparılması müəyyənləşdirilir. “Azərbaycan Əlifbası və Ana Dili Gününün təsis edilməsi haqqında” prezidentin qəbul etdiyi fərman ulu öndərin dilimizə qarşı olan sevgi və diqqətinin başqa bir nümunəsi idi.
Bu gün böyük inamla demək olar ki, ümummilli lider Heydər Əliyevin uğurlu dil siyasətini möhtərəm prezidentimiz İlham Əliyev əzmlə davam etdirir. Azərbaycan dilini tədris edən və bundan qürur duyan biz müəllimlər Heydər Əliyevin yaratdığı ənənələrdən və təcrübədən bəhrələnməliyik. Qarşımızda mühüm və müqəddəs vəzifələrin dayandığını dərk edərək ana dilimizin hərtərəfli öyrənilməsi işində daim çalışmalıyıq.
Heydər Əliyevin bu hikmətli kəlamını gələcəyimiz olan şagirdlərimizə daim xatırlatmalıyıq: “ İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.