Ana dilimizə hörmət və qayğı daim olmalıdır

Ana dilimizə hörmət və qayğı daim olmalıdır

Şaiq Səfərov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayon İcra Hakimiyyəti nəznində Layihə Smeta Bürosunun rəisi

Müstəqilliymizin qazanılmasından sonra yaranan tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi.Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri oldu. Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması 1995-ci ildə Konstitusiyada təsbit olundu.

Bundan sonra ana dilinin inkişafı və qorunması işi daha da gücləndirildi. Ulu öndər Heydər Əliyev 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.

Görkəmli siyasi xadim Heydər Əliyevin dilə olan münasibəti, sevgisi onun çoxsaylı çıxışlarında aydın ifadə olunub. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” - deyən Heydər Əliyev təkzibolunmaz bir gerçəklikdən çıxış edib. Çünki həqiqətən də bir xalq üçün ən böyük mənəvi qazanc onun yaratdığı, qoruduğu təmiz, zəngin, bəlağətli dilidir. Azərbaycanlı olmaqla, Azərbaycan dilində danışmaqla hər zaman fəxr edən Heydər Əliyevin dil siyasəti təqdirəlayiq haldır ki, özündən sonra da davam etdi və onun siyasi varisi, Prezident İlham Əliyev ana dilinin qorunması, yaşaması üçün özündən əvvəl görülən bütün gərəkli işləri uğurla irəli apardı.

Prezident cənab İlham Əliyev tərəfindən 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” imzalanan sərəncamlar ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqini, yayılmasını, qorunmasını gerçəkləşdirdi.

"Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".

Prezident İlham Əliyevin bu fikirləri hər bir azərbaycanlının üzərinə qoyulan başlıca vəzifədir. Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən ən güclü mənəvi bağdır. Dilimiz bizim gündəlik ünsiyyətimizdə, aldığımız təhsildə, poeziya və nəsrimizdə daim qorunub və bundan sonra da layiqli şəkildə qorunacaq!