Almaniya ilə enerji sahəsində əməkdaşlığımız strateji xarakter daşıyır

Təranə Alıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin müəllimi
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu səfər Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoymasına və ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsi üçün yeni imkanların açılmasına mühüm töhvə verəcək.
Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sahəsində strateji tərəfdaşlığın inkişafı əsas müzakirə mövzularından biri olub. Xüsusilə, Almaniyanın Azərbaycanın enerji sektorunda aparıcı tərəfdaşlardan biri kimi çıxış etməsi və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar böyük əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu baxımdan, Almaniya ilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Bununla yanaşı, səfər çərçivəsində regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi dövründə Qarabağın bərpası və yenidən qurulması kimi məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan müharibədən sonra regionda uzunmüddətli sabitliyin təmin olunması üçün fəal diplomatik addımlar atır. Buna baxmayaraq Ermənistan tərəfi bu sabitliyi tez-tez pozmağa çalışır. Xəyallarında qurduqları Dağlıq Qarabağ adlı bir respublika yaratmaq fikirlərindən əl çəkməkdə çətinlik çəkirlər. Bu anlayış yalnız Ermənistanın xəyallarında mövcud olub. Onlar bilməlidirlər ki, yalnız Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Hal-hazırda sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan hər hansı bənd irəli sürməyib.
Prezident İlham Əliyev COP29 beynəlxalq iqlim konfransına da toxunub. O, bildirib ki, COP29 iqlim konfransı uğurlu şəkildə yekunlaşdırılmışdı. Bu istiqamət üzrə də bizim Almaniya ilə fəal əməkdaşlığımız olub. Bu konfransda 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir. Bu iştirakçılar 197 ölkəni təmsil edirdi. Yeganə iştirak etməyən ölkə Ermənistan olmuşdur. Bu da indiki zamanda münasibətlərin normallaşdığı vaxtda bu cür beynəlxalq konfransdan imtina etmələri başa düşülən deyil. Bizim üçün vacib olan məsələ odur ki, Azərbaycan dünyada gedən bütün pozitiv tələb olunan prosesləri layiqincə qarşılayır, dəstəkləyir və onlara öz imkanlarını təklif edir.
Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizlənməyə məruz qalmışdır. 1 milyon azərbaycanlı evsiz-eşiksiz qalmış və torpaqlarımızın 20 %-i işğal altında qalmışdır. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələylə bağlı ciddi addım atmamış və Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Bu tarixi zəfərimiz sülh danışıqlarına yol açmışdır.
Prezident İlham Əliyevin mövqeyi bir daha göstərdi ki, bəli, Azərbaycan sağlam qüvvəni özündə ehtiva edir. Almaniya prezidenti Frank-Valter Ştaynmayer də açıq-aşkar bildirdi ki, haqq Azərbaycan tərəfdə olub. Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycan müharibəni ədalətli şəkildə aparıb və öz əzəmətli qələbəsini əldə edib.
Cənab Prezidentin sayəsində öz nəticələrimizi dünyaya elə obyektiv tərzdə çatdırırıq ki, onlar da agah olsunlar ki, Qafqazda uzun sürən Ermənistan-Azərbaycan qarşıdurmasının əsas səbəbkarı Ermənistan idi. Çünki o, nahaq tələblərlə ortaya çıxmışdır. Öz qəsbkarlıq planları ilə xəyallarında qurduqları həyat oreyallarını genişləndirməyə çalışırdılar. Azərbaycan buna yol vermədi. O cümlədən, bütün dünyaya çatdırdıq ki, Azərbaycan öz əzəli torpaqları üçün mübarizə aparıb və onu geri qaytarıb.
Bu gün biz bunları dönə-dönə dünya ölkələrinə çatdırmalıyıq. Çünki qarşımızda öz yollarından, iftiralarından əl çəkməyən Ermənistan hakimiyyəti var. Biz bu iddiaları alt-üst etməliyik ki, dünya birliyində Azərbaycanla bağlı düzgün təsəvvürlər yaransın və bilsinlər ki, Azərbaycan dünya ölkələrinə düzgün faktlar nümayiş etdirir. Dövlətimizin başçısı ölkəmizin mövqeyini ifadə edərək bildirdi ki, Azərbaycan qalib dövlət kimi sülhə hazırdır, lakin bu sülh ədalətli və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır.
Prezident İlham Əliyev real sülh üçün Ermənistanın atmalı olduğu addımları növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Qarabağın Azərbaycanın suveren ərazisi olması və rəsmi Berlinin buna dair mövqeyinin dəyişməz olduğunu ifadə etməsi isə Avropada ölkəmizə düşmən mövqedə olan dövlət və dairələrin planlarını pozdu.
Sonda Almaniya prezidenti ölkəmizin bir neçə tarixi abidələrini gəzib və şəhərimizlə yaxından tanış olub. Şəhərimizə olan heyranlığını dilə gətirib. Onun paytaxımızdan paylaşdığı şəkillər nəticədə sadə almanlarda ölkəmiz haqqında müsbət fikirlər formalaşdıracaq.