Günay Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin müəllimi
Hər bir azərbaycanlının arzusunun real olduğu tarixi gün. Xankəndi şəhərinin mərkəzi meydanında tarixdən qədim, zamandan qoca, uğrunda minlərlə canın qurban olduğu-üçrəngli bayrağımız qaldırıldı. Xankəndində ucaldılan Azərbaycan bayrağı qələbəmizin əsl rəmzi, şanlı tarix səhifələrinə yazılan əlamətdar hadisədir.
2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının etimadını qazanaraq prezident seçilən Ali Baş Komandan İlham Əliyev 20 il ərzində xalq qarşısında verdiyi bütün vədləri, qarşıya qoyulan vəzifələri layiqincə icra etdi. Bu gün ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan gerbi, Azərbaycan bayrağı altında çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, prezident kimi vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxtlar işğal altında olan bütün torpaqlarda, şəhər və kəndlərdə qaldırılsın.
20 il ərzində yaradılan güclü ordu sayəsində Vətən müharibəsi dövründə 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Eyni zamanda sentyabr ayında cəmi 23 saat davam edən antiterror əməliyyatı zamanı düşmən istənilən vəzifələri şərəflə yerinə yetirməyə qadir olan Azərbaycan ordusu qarşısında ağ bayraq qaldıraraq təslim oldu. Ordumuz hər birimizin qürur mənbəyidir.
Prezident İlham Əliyev Xankəndində tarixi çıxış zamanı vətən, torpaq uğrunda qəhrəmanlıq nümayiş etdirən gənc nəslin şücaətini xüsusi olaraq vurğuladı. Şəhidlərimiz yad edildi və bizim əbədi olaraq onlara borcu olduğumuz dilə gətirildi.
Münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olan Azərbaycanın əksinə Ermənistan bir qarış torpaq belə qaytarmaq fikrində deyildi. 17 il ərzində mənasız, nəticəsiz danışıqlarda dəfələrlə iştirak edilmiş, Ermənistanın işğalçı siyasəti təhlil olunmuş və məsələ 2-ci Qarabağ müharibəsində və qaçınılmaz olan antiterror əməliyyatında həll olundu. Biz Şuşanı –Qarabağın incisini azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi. Bügün Azərbaycan haqlı istəyinə nail oldu.
Azərbaycan ərazisində heç bir tarixi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə yaradılmışdır. 100 il ərzində tarix bizi çətin sınağa çəksə də əyilmədik, sınmadıq. Böyük faciələr yaşasaqda bügün qələbə bizimdir. Azərbaycan xalqı öz canı, qanı bahasına əldə etdiyi qələbə əbədidir. Xankəndidə qaldırılan bayraq əbədi olaraq dalğalanacaq. Qarabağ Azərbaycandır!