Günel Atakişiyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, xüsusilə 2020-ci il sentyabrın 27-dən sonra 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin beynəlxalq aləmdə imicinin daha yüksək vüsət almasına gətirib çıxarmışdır. Noyabrın 15-də ölkə başçısının Albaniya Respublikasına səfəri və bu səfərlə bağlı mətbuata verdiyi bəyanatda Azərbaycanın suveren hüquqlarının daim qorunacağı, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bütün dövlətlərlə dost və qardaşlıq münasibətlərinə dərin hörmətlə yanaşılacağı vurğulanmışdır.
Prezident İlham Əliyev bu dövlətlər cərgəsində Albaniyanın da xüsusi rolunu qeyd etmiş, bu dövlətin rəhbərlərinin Azərbaycana mütəmadi gəlişlərinin hər iki ölkə üçün həm siyasi, həm də iqtisadi sahələrdə mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Bəyanatda ölkə başçısı 2-ci Qarabağ müharibəsinin nəticələrinə toxunaraq bir daha vurğuladı ki, Azərbaycan, nəinki bu müharibədə öz əzəli torpaqlarını işğalçılardan azad etdi, eyni zamanda beynəlxalq hüququ bərpa etdi. Prezident qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə Ermənistanın məhəl qoymaması bir tərəfə, eləcə də beynəlxalq ictimaiyyət, beynəlxalq birlik sadəcə göz yumaraq işğalçı Ermənistana heç bir sanksiya tətbiq etməmişdi.
Ölkə başçısı bütün dünya qarşısında bir daha təkzibolunmaz faktlarla bəyan etdi ki, Azərbaycan ərazisinin 20%-ni işğal etmək böyük cinayətdir. Eləcə də işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Məhz bu mənada Azərbaycan dövləti və xalqının 44 gün ərzində apardığı müharibə tarixi ədalətin bərpa edilməsi uğrunda aparılan haqq savaşı idi. Bu haqqın təntənəsinin nəticəsidir ki, azad edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Tədricən Azərbaycan xalqı öz torpaqlarına qayıdır. Bu o deməkdir ki, azad edilmiş torpaqlarda bütövlükdə həyat qayıdır.
Hər iki dövlət arasında önəmli əməkdaşlıq məsələlərinə diqqəti cəlb edən Prezident İlham Əliyev Azərbaycan-Albaniya şirkətlərinin birgə fəaliyyətində enerji sektorundan başqa qarşılıqlı sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı və digər sahələrin də xüsusi önəm kəsb etdiyini vurğulamışdır.
Albaniyada bu günə qədər qaz şəbəkəsinin yaradılmamasına diqqət yetirən ölkə başçısı bu sahədə Azərbaycanın investor kimi iştirak edə biləcəyini xüsusi qeyd etmişdir. O, həmçinin böyük məmnunluq hissi ilə bildirmişdir ki, Azərbaycan-Avropa ittifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir.
Məlum bəyanatda, həmçinin Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platformasına toxunan dövlət rəhbəri NATO-ya üzv olmayan ölkələr sırasında Əfqanıstanda keçirilən NATO-un sülhməramlı missiyasında Azərbaycanın birincilər sırasında olduğunu diqqətə çatdırmış və qeyd etmişdir ki, Əfqanıstandan çıxan son iki ölkə məhz Türkiyə və Azərbaycan olmuşdur.
Məhz Albaniya NATO üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya səfəri, mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər bir daha sübut edirdi ki, ölkənin həm daxili, həm də xarici kursu etibarlı əllərdədir. Çünki səslənən bütün fikirlər, atılan və atılacaq bütün addımlar yalnız milli maraqlara söykənən addımlardır. Azərbaycanın daha xoşbəxt gələcəyi üçün!