Ağdam yenidən iqtisadi, mədəni və sosial həyatda mühüm rol oynamağa hazırlaşır

Ağdam yenidən iqtisadi, mədəni və sosial həyatda mühüm rol oynamağa hazırlaşır

Mahru Rəcəbova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru

Ağdam şəhəri tarixən mədəniyyət, sənət və zəngin təbiəti ilə seçilən Azərbaycan şəhərlərindən biri olmuşdur. “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. 1930-cu ildə yaradılan və sahəsi 1094 kvadrat kilometr olan Ağdam rayonu Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Arxeoloqlar apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Təəssüf ki, Ağdam uğrunda gedən döyüşlər 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə bitmiş və şəhər xarabalığa çevrilmişdi.  İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər

törətmişdir.

1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi  853 saylı qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını” tələb edilirdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayınmışdır.

Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. İşğaldan azad edilmiş Ağdam şəhərində olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev qeyd etmişdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”  Onun bu sözləri təsdiqini tapmışdır. Hazırda Ağdam şəhəri böyük yenidənqurma işlərinə şahidlik edir. Ağdamda müasir infrastrukturla yanaşı, tarixi abidələrin bərpasına xüsusi diqqət yetirilir. Bu şəhər yenidən Azərbaycanın iqtisadi, mədəni və sosial həyatında mühüm rol oynamağa hazırlaşır.

2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Ağdam Günü Azərbaycan xalqının əzmini, tarixə və mədəniyyətə olan sevgisini göstərən bir tarixdir. Bu gün həmçinin azad edilmiş torpaqlara qayıdışın və dirçəlişin simvoludur.