Ağdam şəhəri erməni vandallığının izlərini daşıyır

Ağdam şəhəri erməni vandallığının izlərini daşıyır

Gülşən Hüseynova

Suraxanı rayonu 330 saylı baxçanın müdiri

YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini

Ermənistan Respublikasının Azərbaycana təcavüzünün faciəvi nəticələri təkcə Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun zəbt edilməsi, insanların qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmır. Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurmuşdur. Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Dağıdılan və məhv edilən şəhərlərdən biri də Ağdam şəhəridir.

1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə keçmiş Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunmuşdu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində 10 noyabr bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla  da Ağdam şəhərinin işğalına son qoyulur.  

Ölkə Başçısı çıxışılarında bir zamanlar Ağdamın  həyat dolu şəhər olduğunu, işğal dövründə dağıdıldığını bildirmişdir. O, bu dağıntının Birinci Qarabağ müharibəsində deyil, 30 il ərzində daşların bir-bir söküldüyünü, oğurlandığını və satıldığını vurğulamışdır. İşğal dövründə ərazidə qalan yeganə yarıdağılmış tikili isə Cümə məscididir. Bunun səbəbi, minarələrdən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edilməsidir. Cümə məscidi digər məscidlərimiz kimi dağıdılmasa da, ermənilər burada donuz və inəklər saxlayaraq müqəddəs məbədi təhqir etmişlər. Buna dair foto və video sübutlar da vardır. Azad etdiyimiz ərazilərdə ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılmışdır. Yarımçıq sökülü və təhqir olunan məscidlərdən biri Ağdamda, digəri isə Şuşadadır.

Ağdam Qarabağda həyatla coşub-daşan ən böyük şəhər olmuşdur. Lakin təəssüflər olsun ki, əvvəlki Ağdamdan əsər qalmamışdır. Buraya gəlmiş xarici ekspertlər, jurnalistlər gördükləri vəziyyətdən dəhşətə gələrək buranı “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” kimi adlar vermişlər. Ölkə Başçısı bildirmişdir ki, Xirosima atom bombasının partlaması nəticəsində baş vermişdir. Ağdam şəhəri isə qonşularımızın vandalizmi və barbarlığı nəticəsində dağıdılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, bu dağıntılarla işğal olunmuş bütün ərazilərdə rastlaşmaq mümkündür. Füzuli şəhəri tamamilə dağıdılmışdır. Buna bənzər mənzərəni Cəbrayılda, Qubadlıda, Zəngilanda görmək olar. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olumşdur. Bunun səbəbi isə ermənilərin beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozaraq müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirərək qanunsuz məskunlaşma siyasəti yürütməsidir.

Qürur verici haldır ki, aparılan sürətli quruculuq işləri nəticəsində keçmiş məcburi köçkün və qaçqınların doğma yurdlarına qayıtması yaxın gələcəkdir. Biz sülhün tərəfdarıyıq. Bu dünən də belə idi, bu gün də!