907-ci düzəliş Azərbaycana qarşı edilən ədalətsizlikdir
Aygün Qəhrəmanova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, Göyərçin uşaq bağçası və körpələr evinin müdiri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə ölkənin ötən il ərzində keçdiyi yolu, qarşıdakı hədəfləri və dəyişən beynəlxalq mühitdə Azərbaycanın yerini əhatəli şəkildə ortaya qoydu. Bu müsahibə təkcə hesabat xarakteri daşımır, eyni zamanda dövlətin strateji düşüncə tərzini, gücfəlsəfəsini və gələcək inkişaf modelini nümayiş etdirir.
Azərbaycan-ABŞ münasibətləri baxımından dönüş nöqtəsi kimi qiymətləndirilir. İki ölkə arasında strateji işçi qrupunun yaradılması sənədinin imzalanması əlaqələrin praktiki və nəticəyə hesablanmış müstəviyə keçdiyini göstərir. Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti tərəfindən təsdiqlənməsi bu layihənin artıq beynəlxalq legitimlik qazandığını təsdiq edir.
Bununla yanaşı, Prezident 907-ci düzəlişlə bağlı uzun illər Azərbaycana qarşı edilən ədalətsizliyi xatırladaraq vurğuladı ki, bu məsələ ölkəmizin haqlı mövqeyinə baxmayaraq siyasi alətə çevrilmişdi. Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyətin dəyişməsi ABŞ siyasətində praqmatik yanaşmanın mümkünlüyünü göstərdi.
Müsahibədə AXC-Müsavat hakimiyyəti dövrünə sərt, lakin tarixi reallıqlara əsaslanan siyasi qiymət verildi. Həmin dövrdə hakimiyyətin peşəkarlardan deyil, təsadüfi insanlardan ibarət olması dövlətçiliyi zəiflətmiş, Azərbaycanı məhvə aparan proseslərə sürükləmişdi. Bu müqayisə bugünkü güclü dövlət modelinin hansı bünövrə üzərində qurulduğunu aydın göstərir.
Çinlə strateji tərəfdaşlıq və Şərq vektoru Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə strateji tərəfdaşlığın dərinləşməsidir. Əmtəə dövriyyəsinin 4 milyard dolları keçməsi, Çin şirkətlərinin bərpaolunan enerji layihələrinə investisiyaları və nəqliyyat sektorunda artan əməkdaşlıq göstərir ki, Çin üçün bu regionda Azərbaycan əsas tərəfdaşdır. Yükdaşımaların əsas artım mənbəyinin Çin olması Azərbaycanın Orta Dəhlizdəki rolunu daha da gücləndirir.
Beynəlxalq təşkilatlar və regional nüfuz Azərbaycanın D-8 təşkilatına üzvlüyü və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Bağlantılar, nəqliyyat və logistika məsələlərində Mərkəzi Asiyanı Qərblə birləşdirə bilən yeganə etibarlı ölkə kimi Azərbaycanın mövqeyi xüsusi önəm daşıyır.
Prezident vurğuladı ki, Zəngəzur dəhlizinin icrasına İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra başlanılıb və Azərbaycanın öz ərazisində bu layihə ilə bağlı artıq heç bir problem qalmayıb. Yol Naxçıvandan iki istiqamətdə – Türkiyə-Avropa və İran-Fars körfəzi-Yaxın Şərq istiqamətlərində davam edəcək. Azərbaycanla Ermənistan arasında yolların açılması regionda uzunmüddətli sabitlik üçün real zəmin yaradır.