8 noyabr Zəfər günümüz tarixi qələbəmizdir
Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü milli dövlətçilik salnaməsinin ən möhtəşəm hadisələrindən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin, ordusunun gücünün və xalqın tarixi ədalətə olan inamının təntənəsidir. Şuşanın azad edilməsi ilə zirvəyə çatan Zəfər Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoyaraq ölkənin regional və beynəlxalq mövqeyində mühüm dəyişikliklərə səbəb oldu.
Bu müharibənin nəticələri göstərdi ki, güclü dövlət quruculuğu uzunmüddətli və ardıcıl siyasət tələb edir. İqtisadi müstəqillik, müdafiə potensialı, diplomatik fəaliyyət və informasiya siyasəti bir-birini tamamlayan strateji istiqamətlərdir. Azərbaycanın qazandığı Zəfər də məhz bu amillərin vahid məqsəd ətrafında birləşməsinin nəticəsi kimi tarixi əhəmiyyət daşıyır.Noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsinin ən mühüm hadisəsi oldu.
Şuşa əməliyyatı hərbi baxımdan mürəkkəbliyi ilə seçilməklə yanaşı, Azərbaycan xalqı üçün böyük mənəvi məna daşıyırdı. Çünki Şuşa sadəcə bir şəhər deyil, xalqımızın milli-mədəni yaddaşının, tarixi kimliyinin və mənəvi dünyasının ayrılmaz hissəsidir. Bu şəhərin azad olunması Azərbaycan xalqının uzun illər davam edən həsrətinə son qoyan, milli qürurunu və özünəinamını gücləndirən tarixi hadisəyə çevrildi.
Əlbəttə, Zəfər tarixindən danışarkən şəhidlərimizin və qazilərimizin fədakarlığını xüsusi qeyd etmək lazımdır. Bu qələbə minlərlə qəhrəmanımızın canı və sağlamlığı bahasına əldə olunub. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə diqqət və qayğı göstərilməsi, qazilərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası dövlətin və xalqın mənəvi borcudur. Zəfərin əsl dəyəri həm də bu fədakarlığın unudulmamasında, qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasındadır. Bu tarixi hadisələrin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da əhəmiyyəti böyükdür.