8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış

8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış
Abdulla Məmmədov
Suraxanı Rayonu, Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qələbə qazanması, uzun illərdən sonra tarixi torpaqlarımızın Ermənistanın işğalından azad etməsi, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi xalqımızın çoxəsirlik dövlətçilik tarixinin şərəfli səhifələrindən biridir. Azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir.

Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulmuşdur.

Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

Azərbaycan Xalqı tarixi qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edilmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə və Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir.

Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.

8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür. Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.

Biz bugün qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı belə bir tarixi hadisənin şahidi olduğu üçün çox xoşbəxtdir.  Bu xoşbəxtliyi və qələbə sevincini bizlərə yaşadan müzəffər ordumuza və Vətən naminə canlarından keçən şəhidlərimizə  borcluyuq.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!