31 Mart Azərbaycanlıların Soyqırımı Günü: Tarixi Həqiqətlər
Svetlana Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 89 nömrəli məktəbin direktor müavini
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan və Lənkəranda törədilən kütləvi qırğınlar Azərbaycan xalqına qarşı yönəlmiş sistemli soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.
Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlərə ilk dəfə sistemli və hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir. 1998-ci il martın 26-da imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla martın 31-i rəsmi olaraq Soyqırımı Günü elan edilmişdir. Ulu Öndərin qeyd etdiyi kimi, bu həqiqətləri real faktlar və dəlillər əsasında dünya dövlətlərinə, beynəlxalq təşkilatlara çatdırmaq indiki nəslin müqəddəs borcudur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da dərinləşmiş, 2018-ci ildə soyqırımının 100 illiyi dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Dövlət başçısının vurğuladığı kimi, XIX əsrin əvvəllərindən başlayan süni köçürmə və demoqrafik vəziyyətin zorla dəyişdirilməsi xalqımıza qarşı erməni təcavüzünün tərkib hissəsidir.
1918-ci ilin mart hadisələri Daşnaksütun partiyasının faşist ideologiyasının nəticəsi idi. Bakı Kommunası və daşnak dəstələri tərəfindən on minlərlə dinc azərbaycanlı yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Bu, sadəcə hərbi münaqişə deyil, birbaşa mülki əhalini hədəf alan insanlıq əleyhinə cinayətdir.
Şamaxıda törədilmiş cinayətlərlə əlaqədar tədqiqat işləri bu gün də davam etməkdədir. Yerli tədqiqatçılar tərəfindən aparılan araşdırmalar Şamaxıda tarixi mədəniyyət abidələrinin, məscidlərin və yaşayış məskənlərinin məqsədli şəkildə dağıdıldığını təsdiq edir. Bu faciə Azərbaycanın demək olar ki, bütün iqtisadi rayonlarını əhatə etmişdir.
1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır. Bu tarixi həqiqətlərin araşdırılması, sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də gələcəkdə belə faciələrin təkrarlanmaması üçün vacibdir. Azərbaycan dövlətinin qətiyyəti və xalqımızın birliyi sayəsində bu cinayətlərə beynəlxalq müstəvidə ədalətli qiymətin verilməsi prosesi davam edəcəkdir.