27 sentyabr - Anım günü ilə əlaqədar Suraxanı Rayonunda ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilərək ehsan süfrəsi açılmışdır.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Həsənov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Rasim Kazımov, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Şəhid ailələrinə dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət diləmişdir. O, bildirmişdir ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmişdir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və bu müqəddəs yolda canlarını fəda etmiş əsgər və zabitlərimizin intiqamı döyüş meydanında alındı. Əziz Əzizov qeyd etdi ki, Şəhidlik adı ölüm deyil, Vətən, Torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Ölümü ilə ölümsüzlük qazanan əbədi vətən oğullarımız cəsarətin özü, qəhrəmanlığın ən yüksək nümunəsi, ən ali göstəricisi, xalqımızın inamı oldular. Onlar daim xalqımızın qəlbində əbədi yaşayacaqlar.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirdi ki, başda Müzəffər Ali Baş Komandan cənab Ilham Əliyev olmaqda müdrik xalqımız qarşısına qoyduğu ən ali vəzifəni layiqincə və şərəflə icra etmişdir.
27 sentyabr təqvimi Azərbaycan Respublikasının tarixində müstəsna yerə malik gündür. Bu gün 30 illik həsrətə, ədalətsizliyə, haqsızlığa son qoyduğumuz o qutlu gündən iki il kecir. O gün torpaq qana qarışmış, vətən uğrunda can verən oğullar Azərbaycan adını öz müqəddəs qanları ilə tarixə yazmışlar. Yerli təşkilatın sədri vurğulamışdır ki, qəhramanların ruhları şaddır. Çünki vətənin işğal altında olan torpaqları artıq azaddır. Vüqar Seyidov canlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin - şəhidlərin əziz ruhları qarşısında dərin hörmət və ehtiramla baş əydiyini bildirdi. O, əlavə etdi ki, qəhrəman Azərbaycan oğullarının ən uca abidəsi xalqımızın qəlbində əbədi yaşayacaq olan əziz xatirələridir.
Həmçinin, çıxış edən digər mərasim iştirakçıları bizə qələbə müjdəsini yaşadan qəhrəman oğullarımıza Allahdan rəhmət diləyərək, onların ailələrinə başsağlığı vermişlər.