25 noyabr - Kəlbəcər şəhəri günü

25 noyabr - Kəlbəcər şəhəri günü
Nigar Qasımzadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. Kəlbəcərin işğalı zamanı rayonun 54 mindən artıq əhalisi məcburi köçkün düşmüş, 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilmiş və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Keçmiş Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 58 min (1993) nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.
10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb, Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə noyabrın 25-də Azərbaycan xalqını və kəlbəcərliləri təbrik edib. Əlamətdar gün münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev qeyd edib ki: “Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi”.
Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!