2023-cü il tariximizin parlaq səhifəsidir
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Hövsan Bələdiyyəsinin sədri
Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasəti Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub. Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də, sözsüz ki, bayraqdır. Bayraq bir dövlət rəmzi olub, müharibələr zamanı öndə aparılan, Vətən uğrunda şəhid olanların nəşi, məzarı üzərinə salınan müqəddəs atributdur.
Müasir dövrdə bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını da göstərir. Biz azərbaycanlılar da xoşbəxtik ki, bayrağımız və güclü dövlətçiliyimiz var. Elə bu gün Azərbaycan bayrağının Qarabağda, Şərqi Zəngəzurda dalğalanması da bir daha dövlətimizin qüdrətini, xalqımızın ucalığını nümayiş etdirir.
Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslər məhz Prezidentimizin “Dəmir yumruğ” unun qəti qələbəsidir. Sentyabr ayının 19 da başlamış və cəmi bir gün, ondan da az davam edən lokal miqyaslı antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.
19-20 sentyabr 2023-cü ildə lokal antiterror tədbirləri uğurla başa çatdıqdan sonra isə bölgənin havası da tam təmizləndi. İndi hamı Qarabağda saf və azadlıq ətirli hava ilə doyunca nəfəs alır. Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bu hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.
Azərbaycanı bir dövlət kimi məhvolmadan xilas edən Ulu Öndər Heydər Əliyev və işğal altındakı torpaqları geri qaytararaq ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olan Müzəffər Ali Baş Komandan İlham Əliyev tükənməz xalq məhəbbəti qazanmış görkəmli tarixi şəxsiyyətlər sırasında özlərinə əbədi layiqli yer tutmuş rəhbərlərdəndir.
Xalqını sevən xalqın sevdiyi, bir ülvi duyğu olmaqla Vətənə, doğmalara, dostlara, xalqına başucalığı gətirən Cənab Prezidentimiz. Sizə sevgimiz sonsuz tükənməzdir. Hər bir Azərbaycan vətəndaşı kimi bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan çox xoşbəxtik.