Rəşid Heydərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı
Sentyabrın 15-16-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 22-ci iclası keçirildi. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə fəxri qonaq qismində Türkiyə Respublikası, Azərbaycan Respublikası, Türkmənistan Respublikası və Ermənistan Respublikasının, habelə Birləşmiş Millətlər Təşkilatının və digər mötəbər beynəlxalq və regional təşkilatların rəhbərləri dəvət olunmuşdular. Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilsə də, onun səfərinin ləğv edildiyi məlum olub.
Burada Səmərqənd sammitinin gündəliyinə uyğun olaraq, çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsinin cari məsələləri, ŞƏT-in inkişafının praktiki aspektləri və prioritet vəzifələri nəzərdən keçirilmiş, beynəlxalq və regional əhəmiyyətlı məsələlər, inteqrasiyanın güclənməsi, təhlükəsizliyin, əmin-amanlığın möhkəmlənməsi, tranzit xətlərinin və yeni dəhlizlərin istifadəyə verilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.
Sammitdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində bir sıra ölkələrin prezidentləri ilə görüşlər keçirib. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Sammitdəki çıxışı zamanı bir sıra məsələlərlə yanaşı, Qarabağ münaqişəsinin həllinin regiondakı nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yaratdığı imkanları da qeyd etmişdir:
“2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.”
Eyni zamanda Prezident çıxışı zamanı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətinin doğurduğu narahatlıqdan da söz edərək, 1993-cü ildə qəbul olunmuş, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən, lakin yerinə yetirilməyən dörd qətnaməsini qeyd etmişdir. Bu qətnamələr 27 il ərzində icra olunmamış qalsa da, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etmiş və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etmişdir.
Sonda qurumun fəaliyyətinin genişləndirilməsinə və prioritet istiqamətlər üzrə regional əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalandı. Qeyd edək ki, bu görüş 2020-ci ildə koronavirus pandemiyasının başlanmasından sonra son üç ildə ŞƏT liderlərinin ilk təkbətək görüşü olmuşdur. Həmçinin bu sammitdən sonra Özbəkistan Respublikasının ŞƏT-də sədrliyi yekunlaşacaqdır.