20 Yanvar şəhidlərinin xatirəsi dövlət və xalq tərəfindən daim uca tutulur
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
20 Yanvar faciəsinin 36-cı ildönümü Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış tarixi hadisələrdən biri kimi xatırlanır. 1990-cı il yanvarın 20-də Sovet Ordusunun Bakıya yeridilməsi ilə həyata keçirilən Qanlı Yanvar qırğını təkcə bir gecənin faciəsi deyil, bütöv bir xalqın azadlıq iradəsinə qarşı yönəlmiş qəddar bir cinayət idi. Ağır hərbi texnika və müxtəlif növ silahlardan istifadə edilərək dinc əhali atəşə tutulmuş, qadın, uşaq, qoca demədən yüzlərlə günahsız insan qətlə yetirilmişdir. Həmin gecə Azərbaycan xalqının səsi güc yolu ilə boğulmaq istənmiş, lakin bu zorakılıq xalqın mübarizə əzmini daha da gücləndirmişdir.
Yanvarın 20-nə keçən gecə Bakıda vəziyyət xüsusilə gərgin idi. Şəhər hərbi hissələr tərəfindən mühasirəyə alınmış, yollar bağlanmış, insanların təhlükəsizliyi tamamilə nəzərə alınmamışdır. Saat 05:30-da Bakı şəhərinin komendantı V. Dubinyak radio vasitəsilə fövqəladə vəziyyət elan edildiyini bildirsə də, bu məlumat artıq yüzlərlə insanın həyatını itirməsindən sonra verildi. Bu fakt hadisənin əvvəlcədən planlaşdırıldığını və əhalinin xəbərdar edilmədən qəsdən təhlükə qarşısında qoyulduğunu açıq şəkildə göstərirdi. Sovet rəhbərliyinin bu addımı beynəlxalq hüquq normalarına və insan haqlarına zidd idi.
Hadisələrə ilk andan etibarən kəskin və prinsipial münasibət bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, Moskvada Azərbaycanın nümayəndəliyində mətbuat konfransı keçirərək Sovet rəhbərliyinin bu qanlı qərarını açıq şəkildə pisləmiş, bunun insanlıq əleyhinə cinayət olduğunu bəyan etmişdir. Heydər Əliyev Azərbaycana əlavə qoşun yeridilməsinin heç bir əsasının olmadığını vurğulayaraq, bu qərara görə həm Sovet rəhbərliyinin, həm də xalqı tək buraxaraq ölkəni tərk etmiş o dövrkü respublika rəhbərliyinin məsuliyyət daşıdığını bildirmişdir. Bu mövqe Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.
20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymətin verilməsi də məhz Ümummilli Liderin adı ilə bağlıdır. 1990-cı il 21 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi faciəyə ilk dəfə siyasi-hüquqi qiymət vermişdir. Daha sonra, 1994-cü il 29 mart tarixində Milli Məclis səviyyəsində Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində rəsmi hüquqi-siyasi qiymət verilmişdir. Bu qərarlarla Qanlı Yanvarın mahiyyəti tam şəkildə açıqlanmış, günahkarlar ifşa edilmiş və hadisənin Azərbaycan tarixindəki yeri dəqiq müəyyənləşdirilmişdir. Ulu Öndərin yenidən siyasi rəhbərliyə qayıdışından sonra 20 Yanvar tarixi Azərbaycan dövlətçiliyinin və müstəqillik mübarizəsinin simvoluna çevrilmişdir.
Bu hadisə yalnız böyük bir faciə kimi deyil, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi də dəyərləndirilir. Qanlı Yanvar xalqın azadlıq istəyini boğa bilməmiş, əksinə, milli dirçəlişi sürətləndirmişdir. Silahsız insanların tanklara, güllələrə qarşı sinə gərməsi xalqın nə qədər güclü iradəyə malik olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Məhz bu iradə sonradan Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolun əsasını qoymuşdur.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövlətinin əsas mənəvi prioritetlərindən biridir. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər xiyabanının ziyarətgaha çevrilməsi bu ehtiramın bariz nümunəsidir. Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin sosial təminatının gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu addımlar göstərir ki, 20 Yanvar şəhidlərinin xatirəsi dövlət və xalq tərəfindən daim uca tutulur.
Qanlı Yanvar hadisələrindən sonra Sovet imperiyası Azərbaycanda siyasi və hüquqi dayaqlarını ciddi şəkildə itirdi. Bu faciə dünya azərbaycanlılarının təşkilatlanmasına güclü təkan verdi, milli kimliyin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynadı. Sovet rəhbərliyinin “Bakı əməliyyatı” adı altında həyata keçirdiyi bu qırğın onların əsl niyyətlərini ifşa etdi və imperiyanın süqut prosesini sürətləndirdi.
20 Yanvar faciəsi Azərbaycan tarixində həm ən ağrılı, həm də ən qürurverici səhifələrdən biridir. Bu tarix xalqın azadlıq uğrunda canından keçməyə hazır olduğunu sübut edən bir zirvədir. Şəhidlərin qanı ilə yazılan bu səhifə Azərbaycan xalqının mübarizə ruhunun, milli birliyinin və müstəqillik əzminin əbədi rəmzi kimi yaddaşlarda yaşayır.