20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir

20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir

Könül İsmayılova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı Rayonu,163 saylı körpələr evi və uşaq bağçasının müdirəsi

1990-cı il Yanvar faciəsinə aparan proseslər 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından növbəti dəfə kütləvi şəkildə deportasiya olunması, həmçinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində aparılan məqsədli cəhdlərin genişlənməsi ilə xarakterizə olunmuşdur. Mövcud gərginliyin artdığı bir vaxtda Sovet rəhbərliyi vəziyyəti sabitləşdirmək yerinə Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədərək ağır cinayətlərə yol vermişdir. 

Azərbaycana yeridilən hərbi birləşmələrə Stavropol, Rostov və Krasnodar vilayətlərindən səfərbər olunmuş erməni zabit və əsgərlər, eləcə də hərbi məktəblərdə təhsil alan erməni kursantlar daxil edilmişdir. 1990-cı ilin yanvar ayının ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinə tabe olan qoşunlar, o cümlədən xüsusi təyinatlı hərbi hissələrdən ibarət 66 mindən çox əsgər və zabit Bakı şəhərinə cəlb olunaraq Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda və Salyan kazarmasında yerləşdirilmişdir.

Qadın, qoca və uşaqlara fərq qoyulmadan dinc əhali ağır hərbi texnika və müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə kütləvi qətllər törədilmişdir. 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun birbaşa göstərişi ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakı və Azərbaycanın bir sıra rayonlarına yeridilmiş, dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq aktları həyata keçirilmişdir.

Yanvarın 20-də səhər saat 05:30-da Bakı şəhərinin komendantı V. Dubinyak radio vasitəsilə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə rəsmi məlumat vermişdir. Halbuki, saat 00:00-dan etibarən tanklar və müxtəlif təyinatlı zirehli döyüş texnikalarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilər vasitəsilə şəhərə desant çıxarılmışdır.

Fövqəladə vəziyyət elan olunandan sonra yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər daha qətlə yetirilmişdir. Hadisələrdən sonra fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da zorakılıq halları davam etmiş, yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda ümumilikdə 8 nəfər öldürülmüşdür.

Respublika üzrə ümumilikdə 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Eyni zamanda, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili tibbi yardım maşınları, dövlət, ictimai və şəxsi əmlak məhv edilmişdir. Dövlətə, ictimai və şəxsi mülkiyyətə həmin dövrün qiymətləri ilə 5.637.286 rubl məbləğində maddi ziyan vurulmuşdur.

20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir. Faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla həmrəyliyini nümayiş etdirmiş, hadisələrə prinsipial siyasi mövqe bildirmişdir. 

Heydər Əliyev bu faciəni hüquq, demokratiya və humanizm prinsiplərinə tamamilə zidd olan, mərkəzi hakimiyyətin və dövrün respublika rəhbərliyinin xəyanəti nəticəsində baş vermiş ağır siyasi səhv kimi qiymətləndirmişdir. Ümummilli Lider Azərbaycan xalqına dərin hüznlə başsağlığı vermiş, Bakıda törədilən terror aktına şərait yaradan hakimiyyət nümayəndələrini və hərbi qüvvələri cinayətkar adlandırmış, dinc əhaliyə qarşı törədilən vəhşilikləri isə bütöv bir xalqa qarşı edilmiş tarixi cinayət kimi səciyyələndirmişdir. 

Şəhidlər xiyabanında 20 yanvar faciəsinin 36-ci ildönümü ilə bağlı hazırlıq işləri görülüb. Şəhidlər xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri aparılıb. Xiyabanda Hüzn günü ilə bağlı kompozisiyalar yaradılıb. Qeyd edək ki, növbəti həftə 20 Yanvar hadisələrinin 36-ci ildönümü tamam olacaq.

Hazırda Azərbaycanın üçrəngli Dövlət Bayrağı bütün ərazilərdə qürurla dalğalanır. İşğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış Proqramı uğurla davam edir. Bu tarixi qələbələr, şəhidlərin qanı bahasına əldə edilmiş azadlıq və müstəqillik idealları milli yaddaşımızda əbədi yaşayır.