Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
“Heydər Əliyev İli” Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Məhz 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına yönələn fəaliyyətin nəticəsində 2020-ci ildə başlayan Vətən müharibəsindən qalib olaraq çıxdıq. Sonra 2023-cü il oktyabrın 15-də Qarabağ münaqişəsinin həllində mühüm, tarixə qızıl hərflərlə yazılan hadisələrdən biri baş verdi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu, müasir tariximizdə hər bir azərbaycanlının qüdrətli dövlətin vətəndaşı olduğunun bariz göstəricisi idi.
Ölkəmizin başçısı cənab İlham Əliyev bu əlamətdar gün münasibətilə Xankəndi şəhərində etdiyi çıxışında Azərbaycan xalqını ürəkdən təbrik etdi və düz 20 il əvvəl ona böyük etimad göstərilərək Prezident vəzifəsinə seçildiyini, Konstitusiyaya və “Qurani-Kərim”ə əl basıb Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içərək söz verdiyini birdaha xatırlatdı. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən verdiyi ilk bəyanatlardan biri o idi ki, bizim Ermənistana ən böyük güzəştimiz münaqişəni danışıqlar yolu ilə həll etməyimiz olar, bundan artığını bizdən gözləməsinlər. Bu günün mənzərəsi artıq hər şeyi sübut edir. Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, cənab İlham Əliyev verdiyi sözün üstündə durdu və bu tarixi mübarizədən ölkəmiz qalib dövlət kimi ayrıldı.
Ötən 20 ilin nəticələrini təhlil edərkən aydın görünür ki, Azərbaycan güclü, dünya miqyasında özünə layiqli yer tuta bilmiş dövlətdir. Dünya dövlətləri ölkəmizlə hesablaşır,müəllifi olduğu layihələr inkişaf etmiş ölkələr tərəfindən alqışlanır. Müstəqilliyin təmini üçün güclü ordunun və güclü iqtisadiyyatın vacibliyini önə çəkən cənab Prezident İlham Əliyev bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldığını, iqtisadiyyatın dörd dəfədən çox artdığını bildirdi.
Ali Baş Komandan çıxışında ordu quruculuğu məsələsinə toxunarkən “biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik” fikrini söyləyərək bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə biləcəyini, üç il əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində bunu döyüş meydanında sübut etdiyini və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdiyimizi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatında yenə də düşmənin ağ bayraq qaldıraraq təslim olduğunu qeyd etdi.
Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasına başçılıq etdiyi 20 ilin hesabatı kimi sonda bunları söylədi: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”