154 nömrəli tam orta ümumtəhsil məktəbində "15 İyun – Milli Qurtuluş Günü"nə həsr olunmuş viktorina keçirilib
Suraxanı rayonu 154 nömrəli tam orta ümumtəhsil məktəbində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş viktorina keçirilmişdir. Viktorinada 3 komanda 3 mərhələ üzrə bilik yarışında iştirak edib. Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, Azərbaycan dövlətçiliyi və ümumi dünyagörüşünü əhatə edən suallar iştirakçılara məktəbin Uşaq Birliyi Rəhbəri Pərvanə Balaşzadə tərəfindən ünvanlanıb. Şagirdlər yüksək fəallıq nümayiş etdirərək sualları cavablandırıb və öz biliklərini nümayiş etdiriblər.
Tədbirdə çıxış edən tarix müəllimələri Vəfa Abdullayeva və Nigar Rəhimli, ingilis dili müəlliməsi Həmidə Muradova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, YAP Suraxanı rayon təşkilatının sədr müavini Dilarə Seyidova şagirdləri Milli Qurtuluş Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki mühüm rolu vurğulanıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən bəhs edilib.
YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Fərəh Məcidzadə də çıxış edərək Milli Qurtuluş Gününün xalqımızın taleyində xüsusi yer tutduğunu bildirib, şagirdlərə təhsil həyatlarında uğurlar arzulayıb və onların milli dəyərlərə bağlı şəkildə yetişməsinin vacibliyini qeyd edib.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən şeirlər səsləndirilib. Sonda qalib komanda təltif olunub, iştirakçılarla xatirə şəkli çəkdirilmişdir.